"Ölkədə daşınmaz əmlak qiymətlərini müəyyən edən əsas amil daxili miqrasiyadır"

Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanda hazırda 220 min əcnəbinin yaşadığını açıqlayıb. Bu bizim əmək bazarımıza, daşınmaz əmlak bazarına necə təsir edir?

Referans Media bildirir ki, bu barədə  Demokrat.az-a açıqlama verən əmlak eksperti Firdovsi Xəlilov söyləyib ki, Dövlət Miqrasiya Xidmətinin açıqladığı göstərici qurumun həyata keçirdiyi inzibati fəaliyyətin və rəsmi nəzarət mexanizmlərinin nəticəsidir.



Ekspertin sözlərinə görə, 220 min nəfər ilk baxışdan böyük rəqəm kimi görünsə də, daşınmaz əmlak bazarı baxımından əsas məsələ onun qiymətlərə real təsir edib-etməməsidir:

“Demoqrafiya əmlak bazarının əsas hərəkətverici qüvvəsidir. Dünyanın müxtəlif ölkələrində miqrasiya axını mənzil və icarə qiymətlərinin artmasına səbəb olsa da, Azərbaycanda vəziyyət fərqlidir. Bakı şəhəri də miqrasiyadan müəyyən qədər təsirlənir. Lakin ölkədə daşınmaz əmlak qiymətlərini müəyyən edən əsas amil daxili miqrasiyadır. Xaricilərin bazarda qiymətləri artıran spekulyativ təzyiq yaratdığını söyləmək doğru deyil. Açıqlanan 220 min nəfərlik göstəriciyə təkcə uzunmüddətli yaşayan əcnəbilər deyil, Azərbaycan vətəndaşları ilə ailə quran, lakin hələ vətəndaşlıq almayan şəxslər, eləcə də ölkədə müvəqqəti olan turistlər və digər əcnəbilər də daxildir. Buna görə də bu kontingentin daşınmaz əmlak bazarında ciddi qiymət artımı yaratması mümkün deyil”.

Firdovsi Xəlilov əlavə edib ki, uzunmüddətli perspektivdə Azərbaycan üçün əsas çağırış əcnəbilərin sayı deyil, demoqrafik dəyişikliklərdir: 

“Ölkənin iqtisadi və əmlak sektorunun daha dinamik inkişafı üçün daha çox xarici tələbə və turist cəlb edilməlidir. Əmlak sektorunun, ticarətin və xidmət sahələrinin neftdənkənar gəlirlər hesabına daha sürətli inkişaf etməsi üçün ölkədə 10–11 min deyil, ən azı 50–60 min xarici tələbənin təhsil alması, illik turist sayının isə 8–10 milyona çatması vacibdir. Yalnız bu halda daxili icarə və tikinti sektoru xarici kapital hesabına daha dinamik inkişaf mərhələsinə keçə bilər. Hazırkı şəraitdə isə 220 minlik əcnəbi kontingentin daxili daşınmaz əmlak bazarında ciddi qiymət artımı və ya əhəmiyyətli təzyiq yaratması real görünmür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki