Bakının Suraxanı rayonunda 39 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Referans Media-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.
Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü Müşfiq arvadı Ləmanın (adlar şərtidir – red.) ondan xəbərsiz yeni mobil telefon alaraq işlətməsi və ətir alveri ilə məşğul olmasını öyrənib.
Bu məsələ ilə bağlı Müşfiq arvadına irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı əsəbləşib, qəsdən əli və ayağı ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub.
Müşfiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Müşfiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və törətdiyi əməli etiraf edib. O bildirib ki, Ləman ilə 2014-cü ildə ailə həyatı qurub:
“Birlikdə Bülbülə qəsəbəsində nömrəsiz ünvanda yaşayırıq. Birgə nikah dövründə iki övladımız dünyaya gəlib və uşaqlarımız azyaşlıdır. Daimi iş yerim olmasa da, tikinti işləri aparılan yerlərdə fəhləlik etməklə ailəmin dolanışığını təmin edirəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, saat 12:00 radələrində işə getmədiyi üçün evdə olub:
“Evin yataq otağına daxil olduqda arvadım Ləmanın əlində əvvəllər görmədiyim yeni mobil telefon olduğunu gördüm. Ondan telefonun kimə məxsus olduğunu soruşdum. Ləman da məndən xəbərsiz ətir satışı ilə məşğul olduğunu, bu səbəbdən gizlin şəkildə yeni mobil telefon alaraq işlətdiyini etiraf etdi. Bu zaman aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilmədim və Ləmanın üzərinə gedərək əlimlə və ayağımla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurdum”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Ləman ağlayaraq qonaq otağına gedib, özü isə sakitləşmək üçün yataq otağında qalıb:
“Sonradan Ləmanla boşanmaq qərarına gəldik. Ləman valideynlərinin yaşadığı evə, özüm isə valideynlərimin yanına, Mingəçevir şəhərinə getdik. Bu hadisədən sonra arvadım Ləman ilə telefon əlaqəsi saxladım. Lakin arvadım məni döydüyü üçün üzr istəməyəcəyim təqdirdə döyülməsi ilə əlaqədar polisə şikayət edəcəyini bildirdi. Bu səbəbdən telefonda da arvadımla mübahisə etdim. Bir müddət sonra isə arvadımın məndən polisə şikayət etdiyini öyrəndim”.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, yoldaşının rəfiqəsi olan yüngül həyat tərzi keçirən bir qadın var idi:
“Yoldaşım onunla dostlaşıb. Yoldaşıma onunla danışmamasını demişəm. O da “hə, yaxşı” deyə bildirdi. Həmin şəxs başqa birinin də ailəsini dağıdıb. Hər gün hiss edirdim ki, arvadım nəsə gizlədir”.
Təqsirləndirilən şəxs ifadəsində həmin yüngül həyat tərzi keçirən qadının arvadına yazdığı mesajları ələ keçirdiyini bildirib. Onun sözlərinə görə, həmin mesajları arvadına göstərib, arvadı da ona “Şeytan aldatdı məni” deyə bildirib:
“Mən də bundan qəzəblənərək ona 20 şillə vurmuşam. Buna görə onu qabağıma otuzdurmuşam, hər mesajı oxuyarkən bir şillə vurmuşam. Bununla da ona ümumilikdə 20 şillə vurmuşam. Yerimdə kim olsaydı, onu öldürərdi”.
İş üzrə zərərçəkmiş Ləman ifadəsində təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirib.
Məhkəmə araşdırması zamanı onların barışması məlum olub. Zərərçəkən də ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib./Demokrat.az/
