Türkiyədə cips, kolbasa, sous, pendir və emal edilmiş balıq kimi bir sıra qida məhsullarında istifadə olunan tüstü aromatizatorları ilə bağlı yeni qaydalar tətbiq ediləcək. Sağlamlıq baxımından müzakirə olunan bu maddələrin istifadəsinə mərhələli şəkildə məhdudiyyət qoyulacaq.
Referans Media xəbər verir ki, Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) qiymətləndirmələrindən sonra bəzi tüstü aromatizatorları ilə bağlı təhlükəsizlik narahatlıqları gündəmə gəlib.
Aparılan araşdırmalarda sözügedən maddələrin genetik materiala zərər vurma ehtimalı ilə bağlı risklərin tamamilə aradan qaldırıla bilmədiyi bildirilib. Bu qiymətləndirmələrin ardından tüstü aromatizatorlarının istifadəsinin dayandırılması istiqamətində qərar qəbul edilib.
Türkiyədə isə məhsul qruplarından asılı olaraq fərqli tarixləri əhatə edən mərhələli keçid təqvimi tətbiq olunacaq.
Tənzimləmənin əhatə etdiyi cips, sous və digər müvafiq qida kateqoriyalarında idxal və məhsulların bazara çıxarılması 1 oktyabr 2026-cı ildən dayandırılacaq.
Müəssisələr arasında satış üçün son tarix isə 1 dekabr 2026-cı il olaraq müəyyənləşdirilib. Tüstü aromatizatorlarından istifadə edilən məhsulların istehsalı, idxalı və bazara çıxarılmasına 1 yanvar 2027-ci ildən etibarən icazə verilməyəcək.
Ət və ət məhsulları, pendir, emal edilmiş balıq və digər su məhsullarında isə daha uzun keçid müddəti nəzərdə tutulur. Bu kateqoriyalar üzrə prosesin 2028-ci ilə qədər davam edəcəyi bildirilir.
Qadağanın qüvvəyə minməsi həmin məhsulların dərhal mağaza rəflərindən yığışdırılacağı anlamına gəlmir. Yeni qaydaların tətbiqindən əvvəl bazara çıxarılmış məhsulların müəyyən edilmiş rəf ömrü başa çatana qədər satışda qalmasına icazə verilə bilər. Bu səbəbdən yeni dövrdə də tərkibində tüstü aromatizatoru olan bəzi məhsullara mağazalarda rast gəlmək mümkün olacaq. İstehlakçılara alış-veriş zamanı məhsulun yalnız ön hissəsindəki məlumatlara deyil, tərkib siyahısına da diqqət yetirmələri tövsiyə olunur.
Ənənəvi üsulla tüstüləndirilmiş məhsulla qidaya tüstü aromatizatorunun əlavə edilməsi eyni proses deyil. Buna görə də qablaşdırmada “hisli”, “füme” və ya “barbekü” kimi ifadələrin olması məhsulun avtomatik olaraq yeni tənzimləmənin əhatəsinə düşdüyünü göstərmir.
Məhsulun tərkib hissələri bölümündə “tüstü aromatizatoru” ifadəsinin yer alması isə onun sözügedən qaydaların əhatəsinə düşə biləcəyinə işarə edir.
