backend

“Avropa çıxış yolunu Azərbaycanda görür” – Deputatdan AÇIQLAMA

“Bu həftə Bakı şəhərində keçirilən 13-ci Qlobal Bakı Forumu və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri olduqca mühüm hadisələr kimi dəyərləndirilir. Hər iki tədbirdə, istər Qlobal Forumdakı çıxışı zamanı, istərsə də Antonio Koşta ilə görüşün sonunda verdiyi bəyanatda prezident çox vacib məqamlara toxundu ki, bu məqamlar bilavasitə ölkənin artan nüfuzu və beynəlxalq münasibətlər sistemindəki imici ilə bağlıdır”.

Referans Media xəbər verir ki, bu fikirləri Redaktor.aza açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov səsləndirdi.

Onun fikrincə, hər iki çıxışın vacib elementlərinə diqqət yetirdikdə görünür ki, burada önəmli olan Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı sülh, yeni siyasi reallıq və ölkəmizin sülh gündəliyidir:

“Eyni zamanda, bu gün enerji sahəsində ciddi çətinliklərlə üz-üzə qalan və bir növ çıxış yolu axtaran Avropa ölkələri üçün Azərbaycanın fəal dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan Avropanın 16 ölkəsindən 10-na qaz tədarükünü həyata keçirməklə həmin dövlətlərin enerji təhlükəsizliyi ehtiyaclarını ödəməklə yanaşı, həm də onların enerji sahəsində tam təhlükəsiz ölkələr sırasına daxil olmasında mühüm rol oynayır. Nəticə etibarilə biz görürük ki, Azərbaycan istər siyasi, istər enerji, istərsə də beynəlxalq yükdaşımalar və nəqliyyat-logistika istiqamətlərində çox vacib inteqrasiya layihələri həyata keçirməkdədir. Bu layihələrin kökündə şübhəsiz ki, ölkəmizin milli maraqları dayanır. Azərbaycan özünün praqmatik xarici siyasət kursu ilə milli maraqlarının təmin olunması üçün strateji tərəfdaşları və müttəfiqləri ilə sıx əlaqələr quraraq bu vacib layihələrin reallaşmasına nail olur. Azərbaycanın bu əhəmiyyətli rolu bir çox ölkələrin rəhbərləri, o cümlədən Antonio Koştanın özü və 13-cü Qlobal Bakı Forumunun iştirakçıları tərəfindən xüsusilə qeyd olunur. Onlar enerji təhlükəsizliyi ilə yanaşı, Azərbaycanın Orta Dəhliz layihəsi çərçivəsində beynəlxalq nəqliyyat-logistika sahəsindəki mühüm rolunu da vurğulayırlar”.

Millət vəkili əlavə etdi ki, Azərbaycan Orta Dəhliz potensialını düzgün dəyərləndirərək Şimal və Cənub istiqamətlərində baş verən münaqişələr fonunda Asiyadan Avropaya daşınan yüklərin ildən-ilə artmasını nəzərə alır ki, bu da dəhlizin tam funksionallıqla işə salınmasını zəruri edir:

“Əsası hələ 90-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mühüm layihələr və Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin fəaliyyəti üçün əlverişli şərait yaradır. Lakin gələcəkdə yükdaşımaların həcmində gözlənilən kəskin artımı, yəni on milyonlarla ton yükü nəzərə alsaq, Zəngəzur dəhlizinin əhəmiyyəti də ciddi şəkildə artır. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra irəli sürdüyü Zəngəzur dəhlizinin açılması, Ermənistanla kommunikasiyaların bərpası və yüklərin Naxçıvan istiqamətində daşınması tezisləri Orta Dəhlizin ikinci vacib marşrutu kimi böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə nümayiş etdirilən siyasi iradə Orta Dəhlizin multimodal prinsiplərə söykənən effektivliyini təmin edir və hər iki görüşdə bu məsələlər xüsusi vurğulanıb. Azərbaycanın bu fəaliyyəti dünyanın mütərəqqi qüvvələri və ABŞ kimi güclü dövlətlər tərəfindən dəstəklənir ki, Vaşinqtonda razılaşmaların əldə olunması üçün yaradılan şərait də bunun göstəricisidir. Bütün bunlar sübut edir ki, Azərbaycan yürütdüyü xarici siyasət kursu ilə bu gün dünyanı narahat edən aktual məsələlərin, xüsusilə enerji və logistika çağırışlarının uğurlu həllinə xidmət edir”, – deyə Azər Allahverənov vurğuladı.

Xədicə BAXIŞLI


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki