Braziliya Federal Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaroya qarşı ciddi məhdudlaşdırıcı qərar çıxarıb.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, çirkli pulların yuyulması istintaqı çərçivəsində hakim Aleksandr de Moraes senatora pasportlarını 24 saat ərzində təhvil verməyi və ölkəni tərk etməməyi əmr edib.
Məhkəmənin araşdırdığı istintaq Flavio Bolsonaro ilə vəkil Viller Tomaz arasındakı şübhəli maliyyə əlaqələrini və mərc platformaları vasitəsilə həyata keçirildiyi iddia edilən pul köçürmələrini əhatə edir. Qərara əsasən, Flavio Bolsonaroya pasportlarını təhvil verməklə yanaşı, vəkil Viller Tomazla hər hansı əlaqə saxlaması da qadağan edilib.
Xatırladaq ki, oktyabrın 23-də hakim Moraes vəkil Tomazla əlaqəli hesablar və aktivlərdəki 6 milyard Braziliya realı (təxminən 1 milyard dollar) məbləğində vəsaitin dondurulması barədə qərar qəbul etmişdi.
Sosial media hesabında videoaçıqlama yayımlayan Flavio Bolsonaro atasını ziyarət etdikdən dərhal sonra Federal Polisdən pasportlarını təhvil vermək tələbi aldığını bildirib. Məhkəmə qərarına etiraz edən senator ölkəni tərk etmək planının olmadığını vurğulayıb. O, bu qərarın qardaşı Eduardo Bolsonaronun seçki məğlubiyyəti ehtimalı ilə bağlı verdiyi qalmaqallı bəyanatların təsiri altında verildiyini iddia edib.
