image-abs-ordu6backend

“Azərbaycan sərhədinə 1000 amerikalı hərbçi gəlir”-hazırlıq

““Tramp yolu” boyunca min nəfərlik Amerika özəl hərbi şirkətinin yerləşdirilməsi ilə bağlı məlumatlar yayılmağa başlayıb. Bu, açıq şəkildə göstərir ki, söhbət yalnız iqtisadi layihədən getmir. ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsi prosesi yeni mərhələyə qədəm qoya bilər. Gələcəkdə burada hücum helikopterləri, aerodromlar, hava hücumundan müdafiə sistemləri və digər hərbi infrastrukturların meydana çıxacağı ehtimalı istisna edilmir”.

Referans Media xəbər verir ki, bu barədə Aleksandr Şirokorad “Svodnaya Pressa”da dərc olunan məqaləsində yazıb. Onun iddiasına görə, Rusiya və İran sərhədlərində Amerika hərbi bazalarının yerləşdirilməsi Moskva və Tehran üçün ciddi təhlükədir.

“Bu proseslər fonunda əsas sual açıq qalır: Azərbaycan, Ermənistan və hətta Gürcüstanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağına dair hansısa zəmanət varmı?” – deyə müəllif bildirir.

Alternativ ssenari kimi “Bir millət, iki dövlət” konsepsiyasının daha da dərinləşməsi gündəmə gəlir. Bu xətt uzun müddətdir inkişaf edir və məqsəd NATO üzvü olan Türkiyə ilə Azərbaycan arasında faktiki dövlətlərarası birlik yaratmaqdır.

Müəllifə görə, Türkiyənin Xəzər dənizinə çıxışı Orta Asiyaya birbaşa yol açaraq “Böyük Turan” ideyasını reallaşdırmaq üçün mühüm imkanlar yarada bilər. “Gələcəkdə Xəzər dənizində türk hərbi gəmilərinin – Azərbaycan və ya Türkiyə bayrağı altında – görünməsi də istisna edilmir”, – deyə məqalədə qeyd olunur.
Şirokorad yazır ki, ilkin mərhələdə Moskva Zəngəzur dəhlizinin Rusiya sərhədçilərinin nəzarəti altında açılmasını təklif etmişdi. Hətta bu marşrutun Şimal–Cənub nəqliyyat dəhlizinin bir hissəsinə çevrilməsi planlaşdırılırdı. Təsadüfi deyil ki, 2008-ci ildən bəri Ermənistanın dəmir yolları Rusiya Dəmir Yollarının törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin balansındadır. Şirkət Zəngəzurdan keçən dəmir yolunun bərpasında əsas rol oynamağa ümid edirdi.

Lakin Azərbaycan və Türkiyə artıq Zəngəzur dəhlizi istiqamətində öz infrastruktur layihələrini həyata keçirir. 2026-cı ilin yanvarına qədər Azərbaycan Horadiz–Ağbənd xəttinin 110 kilometrlik hissəsini demək olar ki, tamamlamaq üzrədir. Türkiyə tərəfində isə Qarsdan Dilucəyə qədər 224 kilometrlik ikixətli, elektrikləşdirilmiş avtomobil yolunun tikintisi planlaşdırılır. Layihəni Türkiyənin ən böyük infrastruktur holdinqlərindən biri olan “Kalyon İnşaat” həyata keçirəcək.

Rəsmi məlumatlara görə, 2024-cü illə müqayisədə 2025-ci ildə Orta Dəhliz boyunca yük axını 62 faiz artaraq 4,5 milyon tona yüksəlib. Bu göstərici marşrutun iqtisadi və logistika baxımından getdikcə daha cəlbedici olduğunu göstərir. Orta Dəhliz Rusiyanı yan keçdiyi üçün Qərbin sanksiyaları və hərbi-siyasi risklər fonunda Rusiya üzərindən tranzit daşımalarla müqayisədə daha sərfəli alternativə çevrilir.

Göründüyü kimi, Rusiya bu proseslərdən üç əsas səbəbə görə narahatdır. Birincisi, Orta Dəhliz və Zəngəzur istiqamətində formalaşan yeni logistika xətti Moskvanın Cənubi Qafqaz üzərindən tranzit və nəzarət imkanlarını zəiflədir və Rusiyanı regional nəqliyyat arxitekturasından kənarlaşdırır. İkincisi, ABŞ və NATO-ya yaxın strukturların bölgədə mövcudluğunun artması Rusiya və İran sərhədləri yaxınlığında təhlükəsizlik balansını Moskvanın ziyanına dəyişə bilər. Üçüncüsü isə Türkiyə–Azərbaycan strateji yaxınlaşmasının dərinləşməsi Rusiyanın Cənubi Qafqazda uzun illər formalaşdırdığı siyasi və hərbi təsir mexanizmlərini sıradan çıxarmaq potensialı daşıyır./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki