image-sf7backend

Sərhədimizdəki casuslar FƏALLAŞDI

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Azərbaycan-Ermənistan sərhədində yenidən fəallaşıb. Erməni mediasının yazdığına görə, Aİ-nin Monitorinq Missiyası regionda patrul xidməti davam edir. Guya bununla da sülh və sabitlik qorunur.

“Çətin hava şəraitinə baxmayaraq, Ermənistandakı Aİ Missiyasının müşahidəçiləri 24/7 patrul xidmətini davam etdirərək bölgədə sülh və sabitliyə töhfə verirlər”. Bu barədə Aİ-nin Ermənistandakı missiyasının X-in mikrobloqundakı paylaşımda qeyd edilib.

Prezident İlham Əliyev də bəyan edib ki, Avropa müşahidəçiləri pərdəsi altında Azərbaycanla Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Məlumdur ki, həmin “missiya” sərhəddə kəşfiyyat məqsədilə fəaliyyət göstərir və təxribatlar törədir. Azərbaycanı haqlı olaraq narazı salan hal ondan ibarətdir ki, Aİ missiyası Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir, tərkibi genişlənir. Ermənistan isə hələ də anlamır ki, bu missiyanın fəaliyyəti sülh prosesinə zərər verir. Üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir. Missiyanın 2027-ci il fevralın 19-dək regionda qalması Ermənistana heç nə qazandırmayacaq.

Azərbaycanla sərhəddə bir ildən çoxdur ki, sakitlik olsa da, Avropa İttifaqının missiyası niyə belə inadla sərhədlərdə işləyir?

Hərbi ekspert Ramil Məmmədli avropalı müşahidəçilərin monitorinqini Azərbaycandan daha çox Rusiyaya qarşı missiya kimi qiymətləndirir.

Onun Musavat.com-a sözlərinə görə, Aİ bununla mesaj verir ki, şərti sərhəddə əvvəllər hərbi eskalasiyanı kimin başlatdığı şübhəli idi: “Yəni ilk atəşi hansı tərəfin açdığını müəyyən etmək olmurdu və sərhəddəki rus hərbçiləri də edə bilərdi. Onların gəlişindən sonra guya nəzarət güclənib və sərhəddə atışma qeydə alınıb. Əslində, Avropa İttifaqı Rusiyaya demək istəyir ki, Qərb bölgədə təhlükəsizliyin dayanıqlı olmasına töhfə verir. Ancaq bu ağ yalandır. Həmin missiya kəşfiyyat işi aparır, regionda mövqeyini möhkəmləndirir, Avropa bu yolla Cənubi Qafqazda hərbi mövcudluğunu təmin edir. O səbəbdən də 2027-ci ilədək fəaliyyət müddətini uzadıb. Mənə elə gəlir ki, Qərb kəşfiyyatı 2027-ci ildən sonra da bir bəhanə tapıb Ermənistanda qalacaq. Bu da regionda Rusiyanı sıxışdırmağa hesablanıb”.

Hərbi analitikin fikrincə, Ermənistan Aİ və ABŞ üçün hərbi-siyasi plasdarma çevrilib: “Amerikalılar İraqdan sonra ən böyük səfirliyi İrəvanda açmaqla əslində, öz kəşfiyyat missiyasını ora yerləşdirib. Bundan sonra da avropalı müşahidəçilər şərti sərhədə gətirilib və onlar da casus işini yerinə yetirir. Yəni Paşinyan Rusiya və İranın zəhləsi gedən qüvvələrlə yaxınlaşaraq təhlükəsizlik sahəsində yeni tərəfdaşlar tapdığını nümayiş etdirir. Bura ABŞ ilə imzalanan xartiya, o cümlədən Avropa Birliyi ilə yeni bağlanan strateji sənəd daxildir. Ermənistana postmünaqişə dövründə açıq-aşkar hərbi-siyasi dəstək verilir, “Marşal planı” işə salınır. Ona görə də avropalı müşahidəçilər bölgəni tezliklə tərk etməyəcək və onların məqsədi burada qalmaqdır. Ancaq Paşinyan deyib ki, delimitasiya olunan ərazilərdən bu missiya çıxarılacaq. Məncə, rus hərbçilərin bölgədən tamamilə çıxarmağa hesablanan siyasətdir. Çünki onların sərhəddə heç bir nəzarət funksiyası ola bilməz. Axı hər hansı hərbi toqquşma yoxdursa, onların sülhə nə kimi töhfəsi ola bilər?!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki