Əmək bazarında dəyişkənlik və bəzi müəssisələrdə maliyyə çətinlikləri işəgötürənləri ixtisara getməyə məcbur edə bilər. Lakin qanunvericilik müəyyən kateqoriyadan olan işçilərin ixtisar olunmasını qadağan edir və ya onlara işdə qalmaq üçün üstünlük hüququ tanıyır. Maraqlıdır, kimləri ixtisara salmaq olmaz?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, ixtisar zamanı əmək qanunvericiliyinin tələblərinə ciddi şəkildə əməl olunmalıdır.
“Bəzi işçiləri ümumiyyətlə ixtisara salmaq olmaz. Bunlara hamilə, himayəsində 3 yaşına qədər uşağı olan qadınlar, 3 yaşına qədər uşağı təkbaşına böyüdən kişi işçilər, eləcə də himayəsində əmək qabiliyyətini 80–100 faiz itirmiş əlilliyi olan şəxslər daxildir”.
Hüquqşünas qeyd edib ki, əgər iş yerində bu kateqoriyaya aid işçilər yoxdursa, o zaman bəzi şəxslər üçün işdə qalma üstünlüyü nəzərdə tutulur. Belə üstünlük hüququna müharibə iştirakçıları, hərbi qulluqçuların (əsgər və zabitlərin) həyat yoldaşları, məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər sahibdirlər.
“Bundan əlavə, həmin müəssisədə istehsalat qəzası keçirən və ya əmək fəaliyyəti zamanı xəsarət alan işçilər də ixtisar zamanı işdə qalmaq üçün üstünlük hüququna malikdirlər”.
Tağı Hüseynov vurğulayıb ki, bu məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsi ilə tənzimlənir və ixtisar zamanı işəgötürənlər bu tələbləri nəzərə almalıdırlar.























