Son illər Bakıya gələn turistlər paytaxtımızın dünyanın ən təmiz şəhərlərindən biri olduğunu vurğulayırlar. Bu nəticə uzun illər davam etdirilən ardıcıl ekoloji siyasətin məhsuludur. Azərbaycanın şəhərləri və təbiəti ilə bağlı həyata keçirilən layihələr bu səviyyəyə təsadüfən deyil, planlı şəkildə çatıb.
Referans Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları da əhaliyə, xüsusilə məktəblilərə ekoloji maarifləndirmə tədbirləri aparır. Son zamanlar Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbi və Lerik rayonu Sivəkəran kənd məktəbi şagirdləri üçün keçirilən görüşlərdə tullantıların növləri, düzgün çeşidləmə və təkrar emal prosesi barədə məlumat verilib.
Görüşlərdə həmçinin ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə və ölkədə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ekoloji tədbirlər ətraflı izah olunub. Məqsəd, uşaqlarda ekoloji bilikləri artırmaq, sağlam davranış vərdişlərini formalaşdırmaqdır.
Sima Babayeva






















