Azərbaycan bazarında satılan bitki yağlarında zərərli maddələrin tapılması qida təhlükəsizliyi mövzusunu ölkənin əsas müzakirə obyektinə çevirib. İdxal edilən məhsulların keyfiyyəti və laborator yoxlamaların dərindən aparılması məsələsi artıq həm rəsmi qurumların, həm də istehlakçıların diqqət mərkəzindədir. Xüsusilə palma yağı və onun tərkibindəki kanserogen birləşmələr ətrafındakı narahatlıq artmaqdadır.
Dünya praktikasında bitki yağlarına, xüsusilə palma yağına münasibət birmənalı deyil. Avropa Birliyi ölkələrində bu yağın tam qadağan edilməsindən daha çox, tərkibindəki zərərli maddələrin (3-MCPD və qlisidil efirləri) miqdarına sərt limitlər qoyulub. Lakin bəzi ölkələr daha radikal addımlar atır. Məsələn, Şri-Lanka 2021-ci ildə palma yağının idxalını və ölkədəki mövcud plantasiyaların fəaliyyətini tamamilə qadağan edib. Hindistan və bəzi Cənub-Şərqi Asiya ölkələri isə yerli istehsalı qorumaq və sağlamlıq risklərini azaltmaq üçün idxal rüsumlarını artıraraq dolayı məhdudiyyətlər tətbiq edir.
Referans Media xəbər verir ki ,Qida eksperti Fərid Səfərov Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür hallarda emosional “tam qadağa” çağırışı başa düşüləndir, amma məsələyə daha sistemli və hüquqi baxımdan yanaşmaq lazımdır.
“İdxal və satışa nəzarət Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir. Effektiv nəzarət sərhəd yoxlamaları, mənşə sertifikatları, laborator analizlər (pestisid qalıqları, trans yağlar, 3-MCPD, qlisidil efirləri və s.), riskli istehsalçı və ölkələr üçün sıx yoxlamalar, daxili bazar nəzarəti, gözlənilməz reydlər, partiya nömrəsi ilə izləmə və geri çağırma mexanizmini əhatə etməlidir. Təhlükəli maddə aşkar edilərsə, məhsul dərhal satışdan yığışdırılmalı, ictimaiyyət rəsmi şəkildə məlumatlandırılmalı və istehsalçı ilə idxalçıya sanksiyalar tətbiq olunmalıdır” – deyə ekspert qeyd edib.
Ekspert əlavə edib ki, insan sağlamlığı üçün risk yaradan maddələr aşkarlanarsa, həmin partiyanın idxalı və satışı qadağan edilə bilər. Səfərov vurğulayıb ki, bitki yağında rast gəlinə biləcək təhlükəli maddələr arasında trans yağ turşuları (ürək-damar xəstəlikləri riski), 3-MCPD və qlisidil efirləri (kanserogen risk), pestisid qalıqları və ağır metallar vardır.
“Təkrar pozuntularda müvəqqəti və ya daimi idxal qadağası da tətbiq oluna bilər. Problem konkret partiyadadırsa, hədəfli qadağa daha məqsədəuyğundur; əgər problem ümumi keyfiyyət standartlarının zəifliyindədirsə, standartların sərtləşdirilməsi daha effektivdir. Tam qadağa həmişə ən optimal həll deyil, bazarda qiymət artımına və alternativ məhsullara süni tələbat yarada bilər, ticarət müqavilərində isə hüquqi mübahisələrə səbəb ola bilər” – o bildirib.
“Normadan dəfələrlə yüksək səviyyədə aşkarlanan maddə isə artıq ictimai sağlamlıq riskidir və dərhal müdaxilə tələb edir. Ən rasional yol təhlükəli partiyanın dərhal bazardan yığışdırılması, idxalçı və istehsalçıya qarşı inzibati tədbirlər, laborator nəzarətin sərtləşdirilməsi və təkrar risk varsa müvəqqəti və ya daimi idxal qadağasının tətbiqidir. Sağlam qidalanmaq və sağlam yaşamaq hər kəs üçün əsas hədəf olmalıdır”.
Qeyd edək ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın “Pşevıe inredinentı” müəssisəsinə məxsus palma yağı partiyasında təhlükəli kimyəvi çirkləndirici aşkar edərək məhsulun satışa çıxarılmasının qarşısını alıb. Laborator müayinələr zamanı yağın tərkibində normadan artıq 3-monoxlorpropan-1,2-diol (3-MCPD) maddəsi tapıldığı üçün həmin yükün məhv edilməsi və ya ölkədən çıxarılması barədə qərar qəbul edilib. Uzun müddət qəbul edildikdə insan orqanizminə toksiki təsir göstərən bu maddə ilə bağlı istehsalçı müəssisəyə rəsmi qadağa qoyulub və idxal prosesində nəzarət tədbirləri daha da sərtləşdirilib.
