Çay və qəhvəni çox isti içənlərə xəbərdarlıq

Böyük Britaniyada Oxford universitetinin mütəxəssisləri tərəfindən aparılan və geniş əks-səda doğuran yeni bir araşdırma, gündəlik həyatımızda tez-tez etdiyimiz bir vərdişin gizli təhlükəsini ortaya çıxarıb. Təxminən 1 milyon (977 min 282) orta yaşlı qadın və kişinin sağlamlıq göstəricilərinin təhlil edildiyi bu miqyaslı tədqiqatda çay və qəhvə kimi içkiləri çox isti içmək ilə yemek borusu (özofagus) xərçəngi arasında birbaşa əlaqə müəyyən olunub.

Referans Media  xəbər verir ki, “International Journal of Cancer" jurnalında dərc olunan araşdırmada 65°C və daha yüksək temperaturda olan içkilər "çox isti" kateqoriyasına aid edilib.

Alimlərin qənaətinə görə, içkini "çox isti" şəkildə qəbul edən şəxslərdə yemek borusu xərçənginə tutulma riski, içkisini ılıq halda tükətənlərlə müqayisədə təxminən 3 dəfə daha yüksəkdir. Risk göstəricisi xüsusilə gün ərzində 6 stəkandan çox isti içki qəbul edənlərdə daha qabarıq özünü göstərir.

Bu təhlükənin əsas səbəbi yüksək temperaturun yemek borusunun həssas daxili örtüyünə vurduğu zərərdir. Yeni dəmlənmiş çay və ya qəhvənin temperaturu stəkanda 90-95°C-yə çatır. Bu cür qaynar mayelər udulduqda yemek borusundakı hüceyrələri dəfələrlə yandırır, zədələyir və zamanla toxuma dəyişikliklərinə zəmin yaradır.

Araşdırmada diqqət çəkən başqa bir məqam isə qəhvə və ya çaya süd qatılması ilə bağlıdır. İsti içkiyə soyuq süd əlavə etmək onun temperaturunu bir qədər aşağı salsa da mütəxəssislər bunun içkini hər zaman tam təhlükəsiz həddə gətirmədiyini bildirirlər.

Başqa bir sınaqda gənclərin 70°C-dən yuxarı içkiləri "çox isti" kimi qiymətləndirdiyi, kənarda içilən ideal qəhvə temperaturunun isə 49-60°C arasında dəyişdiyi qeyd olunur.

Alimlər vurğulayır ki, yemek borusu xərçəngi cəmiyyətdə nadir görüldüyü üçün riskin 3 dəfə artması hər isti içki içənin mütləq xəstələnəcəyi mənasına gəlmir.

Böyük Britaniyada bu xəstəliyə ömür boyu tutulma ehtimalı təxminən 1% təşkil edir. Çox isti içkilərdən imtina etməklə bu xərçəng növü üzrə hər 10 haldan 1 və ya 2-sinin qarşısını almaq mümkündür.

"Cancer Research UK" təşkilatının ekspertləri xəstəlik riskini azaltmaq üçün ilk növbədə tütün və alkoldan imtina etməyi, içkiləri isə dəmləndikdən dərhal sonra deyil, bir neçə dəqiqə gözləyib ağzı və boğazı yandırmayacaq ılıq temperaturda içməyi tövsiyə edirlər./Sfera.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki