Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti qarşıdakı günlərdə də davam edəcək. Havanın tez-tez dəyişməsi ilə bağlı Referans Mediaya açıqlama verən meteoroloq Cavidan Əliyev bildirib ki, Azərbaycana seriyalı Aralıq dənizi siklonlarının daxil olacağı gözlənilir.
Onun sözlərinə görə, bu siklonlar ölkə ərazisində hava şəraitinə ciddi təsir göstərəcək. Xüsusilə Böyük Qafqazın cənub yamaclarında yağıntıların daha intensiv olacağı, bəzi bölgələrdə güclü leysan xarakterli yağışların müşahidə ediləcəyi ehtimal olunur. Ayrı-ayrı ərazilərdə dolu düşəcəyi də istisna edilmir.
Meteoroloq qeyd edib ki, yüksək dağlıq ərazilərdə temperaturun aşağı düşməsi nəticəsində sulu qar və qar yağışı gözlənilir. Bu isə dağlıq rayonlarda yaşayan əhali və həmin ərazilərə səfər edənlər üçün müəyyən çətinliklər yarada bilər.
Mütəxəssisin sözlərinə görə, qeyri-sabit hava şəraitinin aprelin 16-dək davam edəcəyi ehtimal olunur. Bu səbəbdən vətəndaşlara ehtiyatlı olmaları, xüsusilə açıq ərazilərdə və dağlıq zonalarda hava şəraitini nəzərə almaları tövsiyə edilir.
