Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov general-leytenant rütbəsinə layiq görülüb.
Avqustun 17-də bu haqda mediada yayılan xəbərlərdə qeyd olunub ki, 1987-ci il təvəllüdlü Babək Ələkbərov Azərbaycanda general-leytenant rütbəsini ən gənc yaşında almış şəxsdir.
Ancaq ölkəmizdə general-leytenant rütbəsini 39 yaşdan da tez almış zabitlərimiz var.
Referans Media bildirir ki, elə Dövlət Sərhəd Xidmətinin rəisi, 1967-ci il təvəllüdlü Elçin Quliyev general-leytenant rütbəsini 2003-cü ildə, 36 yaşında alıb.
Daxili işlər naziri, 1968-ci il təvəllüdlü Vilayət Eyvazov general-leytenant rütbəsinə 2006-cı ildə (38 yaşında) layiq görülüb.
Dövlət Gömrük Komitəsinin sabiq sədri, 1973-cü il təvəllüdlü Səfər Mehdiyev general-leytenant rütbəsini 2006-cı ildə (33 yaşında) alıb.
Prezidentin müdafiə məsələləri üzrə sabiq köməkçisi, Prezident Administrasiyası rəhbərinin sabiq müavini, 1969-cu il təvəllüdlü Vahid Əliyev 2005-ci ildə (36 yaşında) general-leytenant olub.
Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi, 1956-cı il təvəllüdlü Nəcməddin Sadıqov general-leytenant rütbəsini 1994-cü ildə (38 yaşında) alıb.
Hazırda həbsdə olan keçmiş korpus komandiri, 1965-ci il təvəllüdlü Rövşən Əkbərov 2002-ci ildə (37 yaşında) general-leytenant olub./Medianews.az/
