İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəzinin (DİM) 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin nə vaxt elan olunacağı maraq doğurur.

Referans Media xəbər verir ki, təhsil eksperti Vüsət Əzizov bu barədə paylaşım edib. O bildirib ki, əvvəlki illərin təcrübəsinə əsasən, ixtisas seçimi başa çatdıqdan təxminən 3 gün sonra nəticələr elan olunurdu. Bu səbəbdən bir sıra təhsil ekspertləri nəticələrin avqustun 22-də açıqlanacağını proqnozlaşdırırdı.

Onun sözlərinə görə, hazırda müsabiqə nəticələrinin emalı davam edir və gecikmənin əsas səbəblərindən biri ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə yerləşdirilən şəxslərin siyahılarının dəqiqləşdirilməsi ola bilər.

“Buraya xüsusi təyinatlı təhsil müəssisələri - Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Milli Müdafiə Universiteti və digər qurumlar, həmçinin Azərbaycan-Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və digər müəssisələr daxildir. Eyni zamanda, müsabiqədənkənar, o cümlədən olimpiada qaliblərinin qəbulunun nəticələri də dəqiqləşdirilir”, - deyə ekspert qeyd edib.

V.Əzizovun sözlərinə görə, müvafiq siyahıların avqustun 19-dək DİM-ə təqdim edilməsi nəzərdə tutulsa da, bəzi hallarda sonradan düzəlişlər aparıla bilər.

Ekspert nümunə olaraq bildirib ki, abituriyent ümumi müsabiqə çərçivəsində ixtisas seçimi etdikdən sonra xüsusi təyinatlı ali təhsil müəssisəsinə də qəbul oluna bilər. Bu halda onun DİM-in sistemindəki seçimi ləğv edilir və ümumi yerləşdirmənin nəticələri yenidən emal olunur.

“Bu kimi hallar çoxsaylı abituriyentlərə aid ola bildiyindən ümumi yerləşdirmənin nəticələrinin yenidən hesablanması müəyyən qədər vaxt tələb edir. Hesab edirəm ki, qeyd olunan hallar olmasaydı, nəticələrin avqustun 22-də elan edilməsi mümkün idi”, - deyə V.Əzizov vurğulayıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin müsabiqə nəticələrinin həftənin əvvəlində elan etməsi gözlənilir./Metbuat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki