Azərbaycanda qazla bağlı DƏYİŞİKLİK: 0,7 faiz azalma...

2026-cı ilin 9 ayında təbii qaz hasilatının 0,7 faiz azalması Azərbaycan iqtisadiyyatı üçün ciddi risk yaratmır.

Referans Media xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Ajans.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycanda təbii qaz hasilatında artım qeydə alınıb. Hazırda ölkə öz təbii qazını 16 dövlətə ixrac edir. O qeyd edib ki, hasilat göstəricilərini yalnız doqquz aylıq nəticələr əsasında deyil, illik yekunlar üzrə qiymətləndirmək daha məqsədəuyğundur.

V.Bayramov bildirib ki, təbii qaz hasilatında müşahidə olunan cüzi dəyişikliklər bu sahənin ölkə iqtisadiyyatına təsirlərinin ümumilikdə sabit qaldığını göstərir. Onun fikrincə, mövcud hasilat dinamikası Azərbaycan iqtisadiyyatı üçün hər hansı ciddi mənfi çağırış formalaşdırmır. Əksinə, qaz ixracının coğrafiyasının genişlənməsi ölkəyə daxil olan valyuta gəlirlərinin artması baxımından əlavə imkanlar yaradır.

Deputat diqqətə çatdırıb ki, hazırda enerji sektorunda əsas diqqət tələb edən məsələlərdən biri neft hasilatının azalmasıdır. Çünki neft hasilatındakı azalma sənaye məhsullarının istehsalına da təsir göstərir. Bu baxımdan sənaye istehsalında müşahidə olunan geriləmənin əsas səbəblərindən biri məhz neft sektorundakı azalma ilə bağlıdır.

V.Bayramovun sözlərinə görə, neft-qaz sektorunda ümumi göstəricilərdə artım müşahidə olunsa da, ayrı-ayrı istiqamətlər üzrə fərqli dinamika qeydə alınır. Təbii qaz hasilatının hazırkı səviyyəsi isə iqtisadiyyat üçün əlavə risk yaratmır.

O vurğulayıb ki, neft-qaz sektorunun inkişafı və dəstəklənməsi ilə yanaşı, qeyri-neft-qaz sektorunun gücləndirilməsi də strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müəyyən etdiyi yeni dövrün iqtisadi hədəflərində qeyri-neft-qaz sektorunun inkişafı və iqtisadi artımın əsas hərəkətverici qüvvəsi rolunun qorunması prioritet istiqamətlərdəndir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki