Azərbaycanda ümumi təhsil müəssisələrində 7 yaşdan yuxarı şagirdlərin "mygov” hökumət platformasında qeydiyyata alınması ilə bağlı valideynlərə məlumat verilir.
Belə ki, məktəblərdə valideynlərə övladlarının platformada fərdi hesablarının yaradılması tövsiyə olunur. Bu təşəbbüs ölkədə rəqəmsal xidmətlərdən istifadənin genişləndirilməsi və təhsil sahəsində rəqəmsal imkanların inkişaf etdirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, son illərdə Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində bir sıra addımlar atılıb. Təhsil sahəsində də müxtəlif elektron xidmətlər "mygov” platformasına inteqrasiya edilib.
Bəs görəsən, dünyanın digər ölkələrində də məktəblilərin dövlət və ya təhsil platformalarında fərdi hesablarının yaradılması təcrübəsi varmı?
Referans Media xəbər verir ki, AZXEBER.COM məsələni araşdıraraq müxtəlif ölkələrin təcrübəsini öyrənib.
Hindistan – Hər şagirdə xüsusi rəqəmsal ID verilir
Hindistanda məktəblilərin rəqəmsal qeydiyyatı ilə bağlı "One Nation, One Student ID” proqramı həyata keçirilir. Proqram çərçivəsində APAAR adlı sistem yaradılıb. Bu sistem vasitəsilə hər şagirdə 12 rəqəmli unikal identifikator verilir.
Həmin hesabda şagirdlərin qiymətləri, təhsil sənədləri, sertifikatları və akademik nailiyyətləri elektron formada saxlanılır. Məqsəd uşaqların təhsil tarixçəsini vahid sistemdə toplamaq və məktəb dəyişdikdə məlumatların ötürülməsini asanlaşdırmaqdır. Qeydiyyat zamanı azyaşlı şagirdlər üçün valideyn razılığı tələb olunur. Yaradılan identifikator şagirdin DigiLocker hesabına əlavə edilir.
Fransa – Valideynlər bir hesabdan bir neçə uşağın məlumatlarını izləyir
Fransada məktəblilər və valideynlər üçün EduConnect adlı vahid elektron sistem fəaliyyət göstərir. Platforma vasitəsilə valideynlər övladlarının qiymətlərini, məktəb məlumatlarını və təhsillə bağlı digər göstəriciləri izləyə bilirlər. Həmçinin məktəbə qeydiyyat, təqaüd müraciəti və digər inzibati xidmətlərdən istifadə etmək mümkündür. Sistemin əsas üstünlüklərindən biri valideynlərin bir hesab vasitəsilə bütün övladlarının təhsil məlumatlarına çıxış əldə etməsidir.
Sinqapur – İbtidai sinif şagirdlərinin də fərdi hesabları var
Sinqapurda şagirdlərin təhsil prosesində istifadə etdiyi Student Learning Space adlı elektron platforma fəaliyyət göstərir. Sistem vasitəsilə uşaqlar dərs materiallarına daxil olur, tapşırıqları yerinə yetirir və müəllimlərlə rəqəmsal mühitdə əlaqə saxlayırlar. Ölkədə ibtidai sinif şagirdləri üçün də fərdi hesablar yaradılır. Xüsusilə aşağı siniflərdə oxuyan uşaqların hesablarının idarə olunmasında valideynlərin köməyi tövsiyə edilir. Bundan başqa, Parents Gateway platforması vasitəsilə valideynlər məktəbdən gələn bildirişləri və digər məlumatları əldə edə bilirlər.
Cənubi Koreya – Şagirdlərin təhsil məlumatları vahid sistemdə toplanır
Cənubi Koreyada NEIS adlı Milli Təhsil İnformasiya Sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsilə ölkənin məktəblərində şagirdlərin qeydiyyat, davamiyyət və qiymətləndirmə məlumatları elektron formada idarə olunur. Valideynlər övladlarının təhsil göstəricilərini izləyə, şagirdlər isə öz akademik nəticələri ilə tanış ola bilirlər.
Estoniya – Məktəb və valideynlər arasında əlaqə elektronlaşdırılıb
Estoniyada şagirdlərin təhsil məlumatlarının idarə olunması üçün eKool və Stuudium adlı elektron sistemlərdən istifadə edilir. Bu platformalar vasitəsilə valideynlər uşaqlarının qiymətlərini, davamiyyətini və dərs cədvəlini izləyə bilirlər. Müəllimlər isə tapşırıqları və tədris materiallarını sistemə yerləşdirirlər. Bundan əlavə, ölkədə EHIS adlı milli təhsil informasiya sistemi də mövcuddur. Burada şagirdlərin təhsil məlumatları və akademik göstəriciləri toplanır.
Finlandiya – Şagirdlərin təhsil prosesi rəqəmsal platformadan izlənilir
Finlandiyada Wilma adlı elektron sistem məktəblər, şagirdlər və valideynlər arasında əlaqəni təmin edir. Valideynlər platforma vasitəsilə övladlarının qiymətləri, davamiyyəti, dərs cədvəli və məktəbdəki fəaliyyəti barədə məlumat əldə edirlər. Helsinki şəhərində valideynlər Suomi.fi identifikasiya sistemi vasitəsilə Wilma hesablarına daxil ola və övladlarını həmin hesaba əlavə edə bilirlər.
Niderland və Belçika – Təhsil sənədləri elektron formada saxlanılır
Niderlandda DUO, Belçikanın flamand icmasında isə LED adlı rəqəmsal sistemlər fəaliyyət göstərir. Bu platformalar vasitəsilə şagirdlərin və tələbələrin diplomları, təhsil sənədləri və akademik nailiyyətləri elektron formada qeydə alınır. İstifadəçilər müvafiq sistemlər vasitəsilə sənədlərinə çıxış əldə edə və onların həqiqiliyini yoxlada bilirlər.
