ABŞ və İran arasında hərbi gərginliyin yenidən artdığı bildirilir. ABŞ mətbuatının məlumatına görə, İran gecə saatlarında Amerika ordusuna məxsus təyyarəni zenit-raket kompleksi ilə vurmağa cəhd edib. Buna cavab olaraq ABŞ qüvvələri İranın Kiş adasındakı raket qurğusuna zərbə endirib. Hadisədən sonra adada ardıcıl azı 5 partlayışın eşidildiyi bildirilib.
Referans Media xəbər verir ki, ABŞ mətbuatına danışan və adı açıqlanmayan rəsmi şəxsin iddiasına görə, İran gecə saatlarında bölgədə ABŞ ordusuna məxsus təyyarəni yerdən-havaya raketlə hədəfə almağa çalışıb. Bu cəhddən sonra ABŞ ordusu İranın Kiş adasına zərbə endirib. Hücum zamanı Amerika təyyarəsini hədəfə almaq üçün istifadə edildiyi bildirilən zenit-raket qurğusunun vurulduğu qeyd olunur.
ABŞ rəsmisi adaya endirilən zərbənin məhdudmiqyaslı və müdafiə məqsədli olduğunu bildirib. Onun sözlərinə görə, əməliyyatın əsas hədəfi raketin buraxıldığı qurğu olub.
İran bundan əvvəl axşam saatlarında ABŞ-yə məxsus üç pilotsuz uçuş aparatını vurduğunu açıqlamışdı. Bu məlumatdan qısa müddət sonra İran mətbuatında ölkənin cənubundakı Kiş adasında ardıcıl azı beş partlayışın baş verdiyi barədə xəbərlər yayılıb. Lakin partlayışların səbəbi ilə bağlı İran mediasında ətraflı məlumat verilməyib.
İran rəsmiləri adada baş verən partlayışlar və ABŞ mətbuatında yayılan zərbə iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. ABŞ tərəfi də əməliyyatın nəticələri barədə əlavə təfərrüatları açıqlamayıb.
