Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"ın istifadəçiləri ötən həftə baş verən rekord kiberhücumdan sonra platformada əməliyyatların bərpası ilə birlikdə 3,64 milyard dollar dəyərində vəsait çıxarıblar.
Referans MEDİA xəbər verir ki, şirkət 6,3 milyard dollarlıq rəqəmsal aktivlərə təsir edən insidentdən sonra bütün əməliyyatları müvəqqəti dayandırmışdı.
ABŞ Federal Təhqiqat Bürosu (FBI) və digər qurumlar tarixdə ən böyük kiberhücumlardan biri hesab edilən hadisəyə görə Şimali Koreya ilə əlaqələndirilən haker qrupunu məsul hesab edir.
Binance bildirib ki, oğurlanan aktivlərin təxminən 95 faizi artıq təmin edilib. Qalan hissənin bərpası isə daha uzun vaxt tələb edə bilər.
Şirkət hücum nəticəsində yaranan bütün müştəri itkilərinin tam şəkildə kompensasiya ediləcəyini bir daha vurğulayıb.
Binance-in "X" sosial şəbəkəsində yaydığı məlumata görə, noyabrın 1-də saat 06:00-dan 15:30-dək platformadan 4,649 milyard dollar çıxarılıb, eyni vaxtda isə 1,01 milyard dollar məbləğində depozit yatırılıb.
Beləliklə, birja üzrə xalis vəsait çıxışı təxminən 3,64 milyard dollar təşkil edib.
Şirkət qeyd edib ki, ilkin saatlarda vəsait çıxarmaq istəyənlərin sayı kəskin artsa da, sonradan vəziyyət normallaşıb.
Binance-in məlumatına görə, həmin gün qeydə alınan xalis çıxış şirkətin idarə etdiyi 171 milyard dollarlıq aktivlərin cəmi 2 faizindən bir qədər çoxunu təşkil edib.
Binance Bitcoin, Ethereum və digər iri kriptovalyutalar üzrə çıxarış əməliyyatlarının bərpa olunduğunu, əlavə xidmətlərin isə təhlükəsizlik yoxlamaları başa çatdıqca mərhələli şəkildə istifadəyə veriləcəyini açıqlayıb.
Məlumata görə, hücum 2025-ci ildə Bybit birjasından 1,5 milyard dollar oğurlayan və Şimali Koreya ilə əlaqələndirilən TraderTraitor (Lazarus Group) haker qrupunun fəaliyyəti ilə əlaqələndirilir.
Federal Təhqiqat Bürosu(FBI) hücumda istifadə edildiyi bildirilən kriptovalyuta cüzdanlarının siyahısını yayımlayaraq bazar iştirakçılarını həmin ünvanlarla aparılan əməliyyatları bloklamağa çağırıb.
Binance-in ilkin araşdırmasına əsasən, kiberhücum şirkət əməkdaşlarından birinə məxsus ələ keçirilmiş noutbuk vasitəsilə başlayıb. Hakerlər bundan istifadə edərək sistemdə icazəsiz əməliyyatlar həyata keçiriblər.
Hücum yalnız qlobal Binance.com platformasına təsir edib. Şirkətin ABŞ bazarı üçün fəaliyyət göstərən platformasının isə insidentdən zərər görmədiyi bildirilib.
Binance müştəri aktivlərinin bərpası üçün korporativ ehtiyatlarından, fyuçers sığorta fondundan və fövqəladə ehtiyat vəsaitlərindən istifadə etdiyini açıqlayıb. Şirkət bütün maliyyə öhdəliklərinin qüvvədə qaldığını və kiberhücum nəticəsində yaranan zərərin tam şəkildə qarşılanacağını bəyan edib.
