“Baby smile” uşaq bağçası illərdir qanunsuz şəkildə yolu və səkini zəbt edib. Yolumuzu getmək üçün həyatımızı təhlükəyə atırıq, hərəkətdə olan avtomobillərin arasından keçmək məcburiyyətində qalırıq. Hələ yanımızda uşaq da olanda bu təhlükə ikiqat artır”.
Referans Media xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Yasamal rayonunda yaşayan bir qrup sakin müraciət edib.
Onların sözlərinə görə, yaxınlıqdakı məktəbin yolu da buradan keçdiyindən hər gün şagirdlər küçənin ortasından keçməli olurlar: “Rayonun Seyfəddin Dağlı küçəsi 51 (indiki Fərid Ələkbərov küçəsi) ünvanındakı bu bağçanın ətrafında illərdir təhlükəli vəziyyət hökm sürür. Həm yolu keçmək istəyən piyadalara, həm avtomobillərə, xüsusən avtobuslara dönmə zamanı ciddi çətinlik yaranır. Məktəbli uşaqlar yolun ortası ilə getməli olurlar. Çünki səkini də, yolu da bu uşaq bağçası və ora gəlib-gedən avtomobillər zəbt edib.
Əvvəllər bu bina restoran kimi fəaliyyət göstərirdi, sonra uşaq bağçasına çevirdilər. İllərdir sakinlər bu səbəbdən əziyyət çəkirlər...”
Problemlə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ünvanda səkinin uzunluğu artırılacaq: “Qeyd olunan Fərid Ələkbərov küçəsində yol-səki infrastrukturunun dəyişikliyə uğraması illər öncə ərazidə tikinti aparılarkən baş verib. Məsələ ilə əlaqədar olaraq aidiyyəti qurumlara rəsmi müraciət olunub. Küçədə növbəti yenidənqurma və abadlıq tədbirləri zamanı bu məsələnin aradan qaldırılması və səkinin uzunluğunun artırılması nəzərdə tutulur”.
