Bakı Dövlət Universitetinin yeni rektoru KİMDİR?

Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Referans Media  BDU-nun yeni rektoru ilə bağlı məlumatları təqdim edir:

Məleykə Mehdi qızı Abbaszadə (Mustafayeva) 1953-cü ildə Bakıda anadan olub. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib, 1988-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda, Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda və Azərbaycan Neft Kimya İnstitutunda çalışıb. 1990–1994-cü illərdə «İstedad» assosiasiyası sədrinin birinci müavini kimi fəaliyyət göstərərək Bakı Avropa Liseyinin yaradılmasında yaxından iştirak edib.

1994–2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini, 2000–2016-cı illərdə isə TQDK sədri vəzifəsində çalışıb. 2016-cı ilin aprelində Dövlət İmtahan Mərkəzinin (DİM) sədri, 23 iyul 2024-cü il tarixli Sərəncamla isə DİM-in İdarə Heyətinin sədri təyin edilib. Onun rəhbərliyi altında tələbə qəbulu prosesi şəffaf və avtomatlaşdırılmış sistemə çevrilib, ekspert şuraları, test bankları və regional mərkəzlər yaradılıb, sənəd qəbulu və imtahan xidmətlərində İKT və internet həlləri tətbiq olunub. Həmçinin “Abituriyent” jurnalı təsis edilib; M. Abbaszadə 60-dək elmi məqalənin, iki ali məktəb dərs vəsaitinin və 100-ə yaxın metodiki vəsaitin müəllifi və həmmüəllifidir./KONKRET.az/

Məleykə Abbaszadə həm də mühüm dövlət və beynəlxalq layihələrə rəhbərlik edib. O, “2000-ci il problemi” üzrə Milli Qurumun rəhbəri, BMTİP ilə birgə həyata keçirilən “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi və İKT üzrə Milli Strategiya (2004–2012 Milli Fəaliyyət Planı) layihələrinin Milli Koordinatoru olub. UNESCO və Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) ekspert siyahısına daxil edilib, 2008-ci ildə IAEA İcraiyyə Komitəsinin üzvü seçilib, 2007 və 2019-cu illərdə Bakıda keçirilən beynəlxalq konfransların təşkilatçısı, eləcə də “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü olub.

Təhsilin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə 2013-cü ildə “Şöhrət”, 2023-cü ildə isə “Şərəf” ordenləri ilə təltif edilən Məleykə Abbaszadənin iki övladı və beş nəvəsi var.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki