"Fənərbaxça" bu futbolçunun transferinə hazırlaşır: “Roma” və “Everton” da istəyir

Qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdıran "Fənərbaxça" İtaliyanın “Frosinone” klubunda çıxış edən Giorgi Kvernadzeni transfer siyahısına daxil edib. İstanbul təmsilçisi 23 yaşlı gürcü futbolçunun müqaviləsini yeniləməməsi halında yanvar ayında rəsmi təklif göndərməyi planlaşdırır.

Referans Media xəbər verir ki, Kvernadzenin müqaviləsində 4 milyon avroluq sərbəstqalma bəndi var. “Frosinone” rəhbərliyi futbolçunu bu məbləğə itirməmək üçün onunla müqavilənin uzadılması istiqamətində danışıqlar aparır.

"Fənərbaxça" isə futbolçu yeni müqavilə təklifini qəbul etməyəcəyi təqdirdə transfer üçün hərəkətə keçməyə hazırlaşır.

Kvernadze ilə yalnız "Fənərbaxça" maraqlanmır. İtaliyanın “Roma” və İngiltərənin “Everton” klublarının da gənc futbolçunu izlədiyi bildirilir. Rəqabəti nəzərə alan "Fənərbaxça" rəhbərliyi transferlə bağlı hazırlıqlarını davam etdirir.

Əsas mövqeyi sol cinah olan Kvernadze sağ cinahda və hücumun mərkəzində də oynaya bilir. Fiziki göstəriciləri və hava toplarındakı effektivliyi ilə seçilən futbolçu bu mövsüm “Frosinone”nin heyətində meydana çıxdığı 12 matçda 5 qol vurub, 6 məhsuldar ötürmə verib.

Klubun idman direktoru Renzo Kastanyini Kvernadzenin gələcəyi ilə bağlı açıqlamasında futbolçu ilə müqavilənin uzadılması istiqamətində danışıqların davam etdiyini bildirib.

“Biz Kvernadze ilə müqavilənin uzadılması məsələsini müzakirə edirik. Müqavilənin yenilənməsi və sərbəstqalma bəndi ilə bağlı proses davam edir. Hər şeyi qaydasına sala biləcəyimizə əminəm. Onu parlaq gələcək gözləyə bilər”, – deyə klub rəsmisi qeyd edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki