“İctimai nəqliyyatda təqaüdçülər, əlilliyi olan şəxslər, şagird və tələbələr üçün güzəştlər tətbiq edilsin”.
Referans Media xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Ombudsman Səbinə Əliyeva deyib.
O bildirib ki, xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmalıdır:
“Bununla yanaşı, Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması və şəhər mərkəzinə şəxsi avtomobillərin axınının azaldılması məqsədilə müəyyən tədbirlər görülməlidir. Məsələn, müasir standartlara cavab verən avtobusların sayının artırılması, o cümlədən böyük tutumlu, ikimərtəbəli avtobusların alınması imkanına baxılmalıdır. Həmçinin sərnişin axınının intensivliyi nəzərə alınmaqla avtobusların hərəkət intervallarının minimuma endirilməsi vacibdir. Hazırda bəzi hallarda intervallar 10–20 dəqiqədən artıq olur”.
S.Əliyeva qeyd edib ki, sürücülərin peşəkarlıq səviyyəsinə və etik davranış qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi də önəmlidir:
“Hava şəraitindən asılı olaraq avtobuslarda havalandırma sisteminin mütləq qaydada işlək vəziyyətdə saxlanılması mühümdür. Xüsusilə sərnişin sıxlığı zamanı nəfəslik və pəncərələrin açılmaması, havalandırmanın qoşulmaması “havasızlıq”la bağlı haqlı narazılıq yaradır. Avtobuslara minib-enmə qaydalarının təkmilləşdirilməsi də bu sırada yer alır, çünki sıxlıq vaxtı mövcud qaydalar həm avtobusların, həm də sərnişinlərin gecikməsinə səbəb olur”.























