Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi işləri davam etdirilir.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Referans MEDİA-ya bildirib ki, yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və inşa olunur.
Dövlət Proqramına uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək nəzərdə tutulan yeni avtomobil yolu 6 hərəkət zolaqlı olmaqla 3,9 km uzunluğa malik olacaq. Bundan əlavə, layihə çərçivəsində ümumi uzunluğu 2,6 km olan qollar, ramplar və yanaşma yollarının da tikintisi planlaşdırılır.
Layihəyə əsasən, avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunelin və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur.
Yeni yolun marşrutu Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayır, “Ulduz” metrostansiyasının yaxınlığından keçir, Ələsgər Qayıbov küçəsi istiqamətində davam edərək ümumi uzunluğu 1240 metr olan iki tunel vasitəsilə mövcud metro və dəmir yolu xətlərinin altından keçməklə Əliyar Əliyev küçəsinədək uzanır.
Daha sonra yol Yusif Vəzir Çəmənzəmənli küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsinədək davam edir və 550 metr uzunluğunda tunel vasitəsilə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairədən keçərək Koroğlu Rəhimov küçəsini kəsir və Həsən Əliyev küçəsinədək uzanır.
Eyni zamanda, Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində 410 metr uzunluğunda tunelin inşası da nəzərdə tutulub və hazırda həmin ərazilərdə tikinti işləri davam etdirilir.
Layihəyə uyğun olaraq, 3-cü km-lik hissədə və Mirzə Uluqbəy küçəsində yeraltı piyada keçidlərinin inşası da aparılır.
Tikinti işləri mərhələli şəkildə icra edildiyindən, bəzi ərazilərdə işlərin müvəqqəti dayandırılması, digər sahələrdə isə davam etdirilməsi müşahidə oluna bilər. Bu hal işlərin ümumi ləngiməsi kimi qiymətləndirilməməlidir. Bütün işlər tikinti norma və qaydalarına uyğun olaraq, təsdiq edilmiş qrafik əsasında həyata keçirilir və hazırda hər hansı yubanma və ya ləngimə qeydə alınmır.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, tikinti işlərinin müəyyən edilmiş müddətdə başa çatdırılması planlaşdırılır.
