Bakıdan İrəvana iki XƏBƏRDARLIQ: esklav kəndlər və...

Ermənistan hakimiyyəti sülhlə bağlı vaxtaşırı ziddiyyətli mövqedən çıxış edir. Bir müddət əvvəl baş nazir Nikol Paşinyan 2025-ci ilin 8 avqustunda Vaşinqtonda paraflanmış sülh sənədinin 2031-ci ildə imzalana biləcəyi barədə əcaib açıqlama ilə çıxış edib. Daha sonra isə fikrində korrektə edib ki, Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanacağını mümkün hesab edir.

Ermənistan hökumətinin başçısı deyib: “Mən Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanacağını deyirdim. Dəqiq desək, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq”.
Paşinyan həmçinin əlavə edib: “Biz Azərbaycanla birlikdə çalışmalıyıq”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Zəngəzur dəhlizi ilə bağlı anlaşılmaz mövqe sərgiləyib. Rəsmi İrəvanın məhz bu mövqesizliyinə, ziddiyyətli yanaşmalarına görə Azərbaycan Prezidenti daim xəbərdarlıq edir ki, arxayınlaşmaq, baş verənləri unutmaq olmaz.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də bu günlərdə Ermənistana ünvanlı mesajı kifayət qədər diqqət çəkir. Prezidentin köməkçisi bildirib ki, Ermənistan azərbaycanlılardan üzr istəməlidir, Azərbaycan bu üzrxahlığı gözləyir. “Azərbaycanlıların öz ata-baba yurdlarından sürgün edilməsi, etnik təmizləmələrə və deportasiyalara məruz qalması ilə bağlı erməni cəmiyyətində müəyyən şəxslərdən üzr gözləntisi var”, deyə H.Hacıyev bildirib.

Hikmət Hacıyev:Azərbaycan sülh gündəliyinə tam sadiqdir

Dövlət rəsmisi qeyd edib ki, sərhədlərdə baş verən hadisələr, azərbaycanlıların öz ata-baba yurdlarından sürgün edilməsi, etnik təmizləmələr və deportasiyalar nəticəsində, xüsusilə də doğma yurdlarından qovulan azərbaycanlılar arasında üzr gözləntisi hələ də qalır: “Lakin əlbəttə, hər bir azərbaycanlı, xüsusilə də öz ata-baba yurdlarından sürgün olunan insanlar etnik təmizləməyə və soyqırımına məruz qaldıqlarını düşünərək hələ də üzr gözləyirlər. Amma bu, prosesin tərkib hissəsi olmalıdır və sülh sazişindən əvvəl və ya sülh prosesi ilə paralel olaraq mütləq şəkildə həyata keçirilməlidir. Biz həmçinin görürük ki, vətəndaş cəmiyyəti institutları vasitəsilə də bu proseslər gedir, vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərir. Lakin cəmiyyətdə hələ də bu cür narrativlər mövcuddur”.

Bakıdan verilən mesajlardan Ermənistan doğru-düzgün nəticələr çıxarıb, üzrxahlıqla bağlı hərəkətə keçəcəkmi, yoxsa sülhün qalıcılığını təmin edən yol xəritəsindən kənara çıxmağa meyllənəcək?

Referans Media xəbər verir ki, deputat Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, Hikmət Hacıyevin bu mesajı mühüm əhəmiyyət kəsb edir: “Hikmət müəllim Ermənistanın hər bir azərbaycanlıdan üzr istəməsi çağırışını edib. Biz bu üzrxahlığı gözləyirik. Bu, olmalıdır və olacaq. İndiki hakimiyyət olmasa da, nə vaxtsa olacaq. Çünki Ermənistan Azərbaycana torpaqlarını işğal etməklə Azərbaycana çox böyük zərbələr vurdu. Maddi tərəfini bir kənara qoyuram. Bizim on minlərlə insanlarımız şəhid oldu. Bizim tarixi abidələrimiz, mədəni sərvətlərimiz məhv oldu. Buna görə Ermənistan ilk növbədə mənəvi məsuliyyət daşıyır. Odur ki, Azərbaycan Ermənistanın üzr istəməsini gözləyir. Tarixdə kifayət qədər nümunələr var ki, hansı ölkə digər ölkəyə qarşı ya müharibə edib və yaxud da ədalətsiz bir addım atıb və ona görə rəsmi hakimiyyət üzrxahlıq edib. Biz də bunu gözləyirik və Ermənistan buna reaksiya verməlidir, bu xəbərdarlığın qarşılığında susa bilməz!”

Aydın Mirzəzadə: Azərbaycan bu gün beynəlxalq diplomatiya paytaxtlarından  birinə çevrilib - AZƏRTAC

30 illik işğal dövründə Azərbaycana vurduğu milyardlarla dollarlıq təzminatı ödəməkdən yayınan Ermənistan hələ də işğal altında saxladığı 4 esklav kəndimizlə (Qazax rayonunun Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Naxçıvanın Sədərək rayonunun Kərki kəndləri-E.P.) bağlı da ziddiyyətli və anormal mövqe sərgiləməkdədir. Hətta ölkəmizə bu qədər zərər vurmasına rəğmən mübadilədən də danışırlar və hələlik proses məntiqi sonluğuna gəlib çatmayıb”.
A.Mirzəzadə qeyd edib ki, Azərbaycanın mövqeyi birmənalıdır: “1991-ci ildə qəbul edilmiş Almatı Bəyannaməsində keçmiş Sovet İttifaqı respublikalarının ərazi bütövlüyü bütün 15 respublika tərəfindən tanınıb və məsələlər buna əsasən həll edilməlidir, o cümlədən Ermənistan ərazisində qalan dörd kəndimiz qaytarılmalıdır. Digər texniki məsələlər isə artıq sərhədlərin müəyyənləşməsi ilə bağlı dövlətlərarası komissiyada müzakirə edilir. Amma Azərbaycan 1 sm torpağını da Ermənistana güzəştə getməyəcək, Ermənistan bunu bilməlidir!”

Azərbaycana qarşı işğal və terror siyasətinin 1991-ci ildəki razılaşmadan sonra daha yırtıcı xarakter almasına və İrəvanın heç bir öhdəliyə əməl etməməsinə gəldikdə, A.Mirzəzadə bunları söyləyib: “Onlar elə hesab edirdilər ki, Azərbaycan Sovet İttifaqının tərkibində olduğu kimi həmişə zəif, kimdənsə asılı bir dövlət olacaq. Ancaq Azərbaycan xalqı özünün böyük oğlu Heydər Əliyevin, sonra isə onun siyasi kursunu davam etdirən indiki Prezidentimizin sayəsində bu gün dünyanın güclü dövlətlərindən birinə çevrilib. Biz artıq orta güc dövlətiyik. Bu gün Azərbaycan beynəlxalq birlikdə nüfuzlu bir ölkədir. Baxın, demək olar, hər həftə Azərbaycanda bir beynəlxalq forum keçirilir. Azərbaycanda bir beynəlxalq idman yarışı keçirilir. Bu, Azərbaycanın qazandığı nüfuzdur. Ermənistanda əgər kimlərsə hələ də hesab edirsə ki, Azərbaycanı böyük güclərin hesabına və yaxud da nəyinsə hesabına nələrisə güzəştə getməyə məcbur edəcək, bu, onlarda alınmayacaq. Azərbaycan öz yolunu tapıb, gücü var və bir çox problemlərimizi özümüz həll edə bilirik”.

Ermənistanın qeyri-stabil mövqe sərgilədiyi Zəngəzur dəhlizi ilə bağlı perspektivlərə gəldikdə, deputat bununla bağlı da əminliklə danışıb: “Hiss olunur ki, Azərbaycandan müəyyən qədər güzəştlər əldə etmək istəyirlər. Ancaq ötən ilin 8 avqustunda Vaşinqtonda imzalanan Bəyannamədə Zəngəzur dəhlizi artıq “Tramp marşrutu” kimi nəzərdə tutulub və Ermənistan həmin o layihənin həyata keçirilməsində iştirak edir. Düzdür, çalışır ki, müəyyən bəyannamələr verməklə və yaxud da Azərbaycandan mümkün olmayan güzəştlər əldə etməklə bundan daha çox fayda əldə etsin. Ancaq həmin marşrut həyata keçirilməlidir, həmin marşrut üzrə Ermənistanla ABŞ arasında razılaşmalar var. Özü də həmin marşrut təkcə Azərbaycanın bu hissəsi ilə Naxçıvan bölgəsini birləşdirmir. Bu, dünyanın qərblə şərqini birləşdirən vacib bir logistik layihədir”.

Bu marşrutun yalnız dəmiryolundan ibarət olması ilə bağlı iddiaları da yersiz dayan Milli Məclis üzvü hesab edir ki, bu, Ermənistan istəməyindən asılı deyil: “Orada həm dəmir yolu, həm də avtomobil yolu olacaq”.  A.Mirzəzadə əmindir ki, 70-ci illərin sonlarında Ümummilli lider Heydər Əliyevin bu marşrut üzrə avtomobil yolunun tikintisinə başlanılması barədə Kremllə razılaşdırılmış layihəyə start verməsi də unudula bilməz: “Ermənilərin bununla bağlı fərqli mövqedən çıxş etməsi bir nəticə verməyəcək”.

Deputat hesab edir ki, relyefin əlverişli olmadığı barədə iddialar sadəcə olaraq bəhanədir. Ermənistan rəhbərliyinin Laçından keçməklə Ermənistana, oradan da Naxçıvan bölgəsinə avtomobil əlaqəsinin təmin olunması ilə bağlı təkliflərinə gəldikdə, A.Mirzəzadə bunları bildirib: “Mütləq Qərbi Zəngəzurdan avtomobil yolu, dəmiryolu xətti ilə paralel şəkildə keçəcək. Gələcəkdə Laçından da Gorus və Naxçıvan istiqamətində başqa bir yolun çəkilməsi isə artıq gələcəyin işidir”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki