Biri dünya ulduzu oldu, digəri zərgərlik mağazasında işləyir: Arda Gülərin uşaqlıq sirri üzə çıxdı

“Real Madrid”in ulduzu Arda Gülərin uşaqlıq illərində birlikdə futbol oynadığı Bahattin Akgül onun həmin dövrdəki xarakteri və vərdişləri barədə maraqlı açıqlamalar verib. Akgül gənc futbolçunun uşaqlıqdan intizamlı olduğunu, oyunlara evdən hazırladığı yeməklərlə gəldiyini bildirib.

Referans Media xəbər verir ki, Bahattin Akgülün sözlərinə görə, Arda sakit, təvazökar və öz dünyasında yaşayan uşaq olub.

“Arda ilə təxminən 7-8 ay birlikdə futbol oynadıq. Çox tərbiyəli, sakit, heç kimlə işi olmayan, səssiz bir uşaq idi”, – deyə o bildirib.

Arda Gülərin uşaqlıq illərindəki intizamından danışan Bahattin Akgül onun oyunlara evdən hazırlanan yeməklərlə gəldiyini söyləyib. Akgül bildirib ki, digər uşaqlar restoranlara getdiyi halda, Arda bu cür dəvətlərə qoşulmurmuş.

“Matçlara gələndə evdən çörəyin arasına qoyulmuş yemək gətirib yeyirdi. Biz isə restoranlara gedirdik. Onu dəvət etsək belə, bizimlə gəlməzdi”, – deyə Akgül qeyd edib.

“O, dünya ulduzu oldu, mən isə zərgərlik mağazasında işləyirəm”

Uşaqlıq dostu Arda Gülərin futboldakı inkişafını və karyerasında qazandığı uğurları da xatırladıb. O, futbolçunun daim sabit və intizamlı olduğunu vurğulayaraq indiki həyatlarını müqayisə edib.

“Çox sabit və ardıcıl futbolçu idi. Bu gün o, dünya ulduzuna çevrilib, mən isə hazırda zərgərlik mağazasında işləyirəm”, – deyə Bahattin Akgül bildirib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki