Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbin 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılıb. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
TƏBİB-dən bildirilib ki, saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Baş Prokurorluq da hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Musavat.com hadisənin təfərrüatları ilə bağlı məlumat əldə edib. Belə ki, şagirdin anası iki il öncə avtomobil qəzasında vəfat edib. Atasının isə psixoloji problemləri olduğu bildirilir. Anasının vəfatına qədər azyaşlı Salyanda təhsil salıb. Daha sonra o, xalasının himayəsinə verilib və Bakıda yaşamağa başlayıb. Təxminən bir həftə öncə o, sinif yoldaşlarına anası üçün darıxdığını, onu görmək istədiyini bildirib. Məktəbdə çalışanların bildirdiyinə görə, o, bədbin uşaq olmayıb, deyən-gülən uşaq olub.
Musavat.com-a verilən özəl məlumata görə, hadisədən öncə onun öz əli yazılmış məktub tapılıb, lakin məktubda nə yazıldığı bildirilmir. Azyaşlının anası üçün darıxdığı üçün həyatına qəsd edə biləcəyi barədə iddialar səslənsə də, məktəbin psixoloqu və müəllimlər bu iddianı hələ ki, təkzib edirlər.
