Lerikdə 6 kəndin səbr kasası daşdı: AAYDA-ya 6 kiloqram məktub göndərdilər - FOTOLAR

Lerik rayonunun bir neçə kəndini birləşdirən avtomobil yolunun bərbad vəziyyətdə olması sakinlərin hərəkətini demək olar ki, iflic edib. Yağmurlu günlərdə isə vəziyyət daha da dözülməz həddə çatır.

Referans Media musavat.com-a istinadən xəbər verir ki, Peştətük, Vizəzəmin, Cənginəvud, Kornədi, Sipyəreğon və Kıncıvo kəndlərini birləşdirən ümumi uzunluğu 9 kilometr olan yol uzun illərdir əsaslı şəkildə təmir olunmur. Məlumata görə, sözügedən yola sonuncu dəfə - hələ SSRİ dövründə, 1986-cı ildə soyuq asfalt çəkilib.


O vaxtdan bəri yola heç bir dövlət qurumu tərəfindən investisiya yönəldilməyib, asfalt örtüyü tamamilə dağılıb, yol torpaq və çınqıllı yola çevrilib.


Kənd sakinləri bildirirlər ki, hər dəfə qış mövsümü və ya güclü yağışlar başlayan kimi yol palçığa dönür.

Ərazidə yaşayan məktəblilər təhsil ocaqlarına çox çətinliklə gedə bilirlər.

Xəstə daşımaq, təcili tibbi yardım maşınlarının kəndlərə gəlməsi isə əsl sınağa çevrilib, demək olar ki, mümkünsüzdür.

Sakinlər dəfələrlə öz şəxsi vəsaitləri və imkanları hesabına yola çınqıl tökərək yamamağa çalışsalar da, səthi təmir tədbirləri yağış yağandan sonra dərhal sıradan çıxır və yol yenidən əvvəlki bərbad vəziyyətinə qayıdır.

Problemin həlli istiqamətində illərdir aidiyyəti qurumlara müraciət edildiyi bildirilir. Sakinlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) dəfələrlə - təxminən 6 kiloqrama yaxın məktub yazıb müraciət ünvanlayıb.

Həmçinin dəfələrlə aidiyyəti dövlət qurumlarına məktublar yazılıb, lakin hər dəfə eyni şablon cavablar alaraq yola veriliblər.


Kənd sakinlərinin və məktəblilərin bu əzabına son qoyulması, 9 kilometrlik yolun əsaslı şəkildə asfaltlanması üçün aidiyyəti qurumun real addım atması xahiş olunur.

İqbal yol.jpg (211 KB)

İqbal 2.jpg (311 KB)

İqbal 3.jpg (164 KB)

İqbal 4.jpg (240 KB)

İqbal 8.jpg (182 KB)

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki