Xəbər verdiyimiz kimi, Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir.
Belə bir önəmli tədbirdə İranın İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafın da iştirakı ən çox müzakirə edilən məsələlər sırasındadır.
“Müharibə dövründə Azərbaycan xalqı və dövləti İran xalqı və dövlətinin yanında olub”.
Bu sözləri prezident İlham Əliyev iyunun 24-də Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident həmkarı Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirib. Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlət başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladıb.
Referans Media xəbər verir ki ,Deputat Bəhruz Məhərrəmov da Musavat.com-a deyib ki, Qalibafın Azərbaycana işgüzar səfəri mürəkkəb bir periodun ardınca Bakı və Tehran arasında formalaşan xoşməramlı əlaqələrin növbəti parlaq göstəricisidir.
Onun sözlərinə görə, parlament diplomatiyası beynəlxalq münasibətlərdə etimadın artırılmasında və ortaq maraqların müəyyənləşdirilməsində aparıcı rol oynayır: “Bu mənada, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində baş tutan bu yüksək səviyyəli səfər regionda sülh, sabitlik və parlamentlərarası dialoqun gücləndirilməsi, habelə iki qonşu dövlət arasında mövcud olan siyasi və parlament əlaqələrinin intensivləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Deputat hesab edir ki, konfrans çərçivəsində müzakirə olunacaq məsələlərin yalnız üzv dövlətlər üçün deyil, bütövlükdə bölgənin davamlı inkişafı üçün yeni perspektivlər açmasını nəzərə alsaq, Qalibaf kimi hazırda regionda strateji səlahiyyətlərə malik şəxsin iştirakı İslam dünyasının birliyi və parlamentlərarası əməkdaşlığın inkişafı yolunda atılan inamlı bir addım olaraq dəyərləndirilə bilər:
“Heç şübhəsiz ki, cənab Qalibafın Bakı səfərinin məhz bu çərçivədə regional nəticələri paralel olaraq iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə, birgə problemlərin konstruktiv dialoqla həllinə və gələcək əməkdaşlıq üçün yeni imkanların açılmasına əlavə zəmin yaradacaq. Görünən odur ki, Azərbaycanın qlobal və regional tədbirlərdəki uğurlu ev sahibliyi diplomatik münasibətlərin inkişafında müsbət bir mərhələ olaraq, gələcəkdə daha genişmiqyaslı əməkdaşlıq layihələrinin müjdəçisi olan bu cür səfərlərlə regionda sülhün və tərəqqinin təminatçısı mövqeyini möhkəmlədirməkdədir”.
