Avropa kəşfiyyat orqanları Rusiyanın NATO üzvü olan Baltikyanı ölkələr və Polşaya qarşı məhdudmiqyaslı hərbi təxribat hazırlığında ola biləcəyini iddia edib.
Referans MEDİA xəbər verir ki, İngiltərə mətbuatında yayılan məlumata görə, Latviya kəşfiyyatı Rusiyanın Estoniya, Latviya, Litva və Polşaya qarşı məhdud hərbi əməliyyat ssenarilərini nəzərdən keçirdiyini bildirib.
Məlumata əsasən, NATO üzvü olan ölkələrdən birinin yüksəkvəzifəli siyasi mənbəsi də Rusiya Prezidenti Vladimir Putinin xüsusilə Baltikyanı ölkələr vasitəsilə NATO-nun kollektiv müdafiə və həmrəylik prinsipini sınaqdan keçirməyə çalışa biləcəyini iddia edib.
Kəşfiyyat qiymətləndirmələrinə görə, Moskvanın məqsədi genişmiqyaslı işğal deyil, raket, pilotsuz uçuş aparatları və digər hibrid hücum vasitələri ilə Qərbə "Ukraynaya dəstəyi dayandırın" mesajı vermək ola bilər.
Məqalədə qeyd olunur ki, son aylarda Ukrayna Rusiyanın neft emalı zavodları, enerji obyektləri və hərbi infrastrukturuna uzaqmənzilli pilotsuz uçuş aparatları ilə hücumların sayını artırıb.
Analitiklərin fikrincə, bu hücumlar Rusiyanın enerji gəlirlərinə mənfi təsir göstərir və müharibə iqtisadiyyatına əlavə təzyiq yaradır. Həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin uzaqmənzilli PUA-lara qarşı kifayət qədər effektiv olmadığı iddia edilir.
Məlumatda həmçinin bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin ötən həftə Qərbin Ukrayna ilə bağlı siyasətini dəyişməyəcəyi təqdirdə "fəlakətli nəticələrə səbəb ola biləcək nüvə zərbələri" ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, xəbərdə yer alan məlumatlar Avropa kəşfiyyat mənbələrinin və İngiltərə mətbuatının iddialarına əsaslanır. Rusiya tərəfi bu iddialarla bağlı rəsmi açıqlama verməyib.
