Mersində boş ərazidə tapılan naməlum şəxsin cəsədinin Balıkesirdə itkin kimi axtarılan Sami Şenə məxsus olduğu müəyyən edilib.
Referans Media xəbər verir ki, hadisə dünən rayonun Atik məhəlləsi, 134 nömrəli küçədə, çay kənarında baş verib. Əldə olunan məlumata görə, günorta saatlarında ərazidən keçən vətəndaşlar 50 yaşdan yuxarı bir kişinin hərəkətsiz vəziyyətdə uzandığını görərək 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Aparılan ilkin baxış zamanı şəxsin həyatını itirdiyi müəyyənləşdirilib.
Polis və prokurorluq əməkdaşlarının yerində apardıqları araşdırmadan sonra cəsəd şəxsiyyətin müəyyənləşdirilməsi və ölüm səbəbinin dəqiqləşdirilməsi üçün xəstəxananın morquna aparılıb.
İlkin yarılma nəticələrinə əsasən, mərhumun ölümünün odlu silah və ya kəsici alət xəsarəti nəticəsində baş vermədiyi bildirilib. Aparılan barmaq izi ekspertizası nəticəsində isə ölən şəxsin 26 dekabr tarixində Balıkesirin Susurluk rayonunda itkin düşməsi barədə məlumat verilmiş Sami Şen olduğu təsdiqlənib.
Faktla bağlı araşdırma davam etdirilir.
