Barmaq çıtlatmaq vərdişi təhlükəlidirmi? – Mütəxəssislərdən AÇIQLAMA

Barmaq oynaqlarını çıtlatmaq bir çox insanın fərqinə varmadan etdiyi vərdişlərdəndir. Bəziləri bu hərəkətin yaratdığı səsi xoşlayır, bəziləri isə çıtlatdıqdan sonra oynaqlarda rahatlıq hiss etdiyini deyir.

Referans Media “BBC Health”ə istinadla xəbər verir ki, illərdir bu vərdişin oynaqlara zərər verdiyi, hətta artritə (oynaqlarda yaranan iltihab və ağrılarla xarakterizə olunan xəstəliklərin ümumi adı) səbəb olduğu barədə fikirlər səslənir.

“Çıtlama” səsi haradan gəlir?

Oynaqların daxilində sümüklərin hərəkətini asanlaşdıran sinovial maye yerləşir. Barmaq dartıldıqda oynaq boşluğu müvəqqəti genişlənir və mayedə həll olmuş qazlar qabarcıqlar şəklində ayrılır. Yaranan “çıtlama” səsi həmin qabarcıqların çökməsi ilə bağlıdır.

Artritə səbəb olur?

1975-ci ildə aparılan araşdırmada barmaqlarını mütəmadi çırtladanlarla bunu etməyənlər arasında artrit baxımından ciddi fərq aşkarlanmayıb. Daha sonrakı araşdırmalar da bu vərdişin müddəti və tezliyi ilə artrit arasında əlaqə olmadığını göstərib. Barmaq çıtlatmağın əl gücünü azaltdığı və oynaqlarda şişkinlik yaratdığı ilə bağlı iddialar da sonrakı araşdırmalarda təsdiqlənməyib.

Boyun oynaqlarını çıtlatmaq fərqlidir

Mütəxəssislər barmaq çıtlatmaqla boyun oynaqlarını güclü şəkildə hərəkət etdirməyi eyniləşdirməməyi tövsiyə edirlər.

Boyun nahiyəsində onurğa beyni və beyinə qan aparan mühüm damarlar yerləşir. Həddindən artıq və düzgün olmayan hərəkətlər sinir zədələnməsi, başgicəllənmə və digər ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən boynu özbaşına və güclü şəkildə çıtlatmaq məsləhət görülmür.

Hansı halda diqqətli olmaq lazımdır?

Barmaq və digər oynaqlarda çırtlama ilə yanaşı ağrı, şişkinlik, hərəkət məhdudiyyəti və ya keyimə yaranırsa, bunu sadəcə oynaq səsi kimi qəbul etmək olmaz. Belə hallarda həkim müayinəsi tövsiyə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki