Yay aylarında havanın temperaturunun yüksəlməsi avtomobillərin salonunda istiliyin təhlükəli həddə çatmasına səbəb olur.
Avtomobil günəş altında qaldıqda salonun temperaturu qısa müddətdə 60–80 dərəcəyə qədər yüksələ bilər. Bu isə təzyiq altında olan qabların partlaması, elektron cihazların zədələnməsi və bəzi məhsulların alışması riskini artırır.
Referans Media avtomobildə saxlanılması tövsiyə olunmayan 10 əşyanı təqdim edir:
1 Qazlı içkilər
Yüksək temperatur nəticəsində butulkanın və ya bankanın daxilində təzyiq artır. Bu da qabın partlamasına və avtomobilin salonuna ziyan vurmasına səbəb ola bilər.
2 Aerozol qabları
Dezodorant, saç spreyi, hava təravətləndiricisi və digər təzyiqli aerozol məhsulları istidə partlaya bilər. Bəzi hallarda bu, yanğın riski də yaradır.
3 Powerbank və litium-ion batareyalar
Yüksək temperatur batareyaların həddindən artıq qızmasına, sıradan çıxmasına, hətta nadir hallarda alışmasına səbəb ola bilər.
4 Mobil telefon və noutbuk
Elektron cihazlar isti mühitdə həm zədələnə, həm də batareyalarının ömrü qısala bilər.
5 Dərmanlar
İnsulin, antibiotiklər və temperatura həssas digər preparatlar istidə təsirini itirə və istifadəyə yararsız hala düşə bilər.
6 Plastik su butulkaları
Uzun müddət günəş altında qalan plastik butulkalarda suyun keyfiyyəti pisləşə bilər. Bəzi mütəxəssislər belə şəraitdə plastikdən maddələrin suya keçə biləcəyini də bildirirlər.
7 Əl dezinfeksiyaediciləri
Tərkibində yüksək faiz spirt olan dezinfeksiyaedicilər alışa bilən məhsullar hesab olunur və yüksək temperaturda risk yarada bilər.
8 Alışqan
Qızan alışqanın daxilində təzyiq artdığı üçün partlama ehtimalı var.
9 Kosmetik vasitələr
Pomada, krem və digər kosmetik məhsullar istidə əriməklə yanaşı, keyfiyyətini də itirə bilər.
10 Tez xarab olan qidalar
Süd məhsulları, ət, balıq və digər tez xarab olan ərzaqlar yüksək temperaturda bakteriyaların sürətlə çoxalmasına səbəb olur və qida zəhərlənməsi riskini artırır./AZXEBER.COM/
