Türkiyənin dünya bazarında lider olduğu kənd təsərrüfatı məhsullarından biri olan Aydın quru ənciri əsasən xarici bazarlara göndərilir. Dünya quru əncir istehsalı və ixracında birinci yerdə olan Türkiyə məhsulun böyük hissəsini ABŞ, Avropa və Asiya ölkələrinə ixrac edir. Son statistik göstəricilərə görə, ən böyük alıcı isə ABŞ olub.
Referans Media xəbər verir ki, sektorun məlumatına əsasən, 2024/2025 mövsümündə Türkiyədə 69 min 953 ton quru əncir istehsal edilib. Bunun 54 min 85 tonu Aydın vilayətinin payına düşüb.
Həmin dövrdə ölkə üzrə 57 min 320 ton quru əncir ixrac olunub. Bunun 43 min 213 tonu isə təkcə Aydından xarici bazarlara göndərilib. Beləliklə, istehsal olunan məhsulun böyük hissəsi daxili bazarda deyil, xaricdə satılıb.
2025/2026 ixrac mövsümünün ilk aylarında da Aydın quru əncirinə tələbat yüksək olaraq qalıb. Mövsümün başlanğıcı olan 15 oktyabrdan 10 martadək Türkiyə 35 min 853 ton quru əncir ixrac edib və bundan 230,4 milyon dollar gəlir əldə olunub.
Ən çox ixrac ABŞ-yə həyata keçirilib. Sonrakı yerlərdə isə Almaniya, Fransa, Kanada və Çin qərarlaşıb. Xüsusilə Çinə ixracın artması Türk quru əncirinə Asiya bazarında marağın yüksəldiyini göstərir.
Mütəxəssislərin fikrincə, Aydının iqlimi və Böyük Menderes hövzəsinin münbit torpaqları burada yetişən əncirə özünəməxsus dad və keyfiyyət verir. Bu xüsusiyyətlərə görə Aydın ənciri Avropa İttifaqının coğrafi göstərici qeydiyyatına da malikdir.
Hazırda məhsul Avropa, Şimali Amerika və Asiyanın bir çox ölkəsində premium qida məhsulu kimi satılır və Türkiyənin ən gəlirli kənd təsərrüfatı ixrac məhsullarından biri hesab olunur./Musavat.com
