Gürcüstanda tribunalarda baş verən iğtişaşlardan sonra saxlanılan Türkiyənin "Beşiktaş" futbol klubunun 16 azarkeşi Ankaranın atdığı diplomatik və hüquqi addımların yekununda azadlığa buraxılıb.
Referans Media xəbər verir ki, insident Gürcüstanın Batumi şəhərində UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində "Beşiktaş" və İsrailin "Hapoel Beer-Şeva" klubları arasında keçirilən matç zamanı qeydə alınıb.
Tribunalardakı toqquşmalardan sonra yerli polis Türkiyə təmsilçisinin 16 fanatını saxlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə vəziyyətin nizamlanmasına ölkənin ədliyyə naziri Akın Gürlek qoşulub. O, gürcüstanlı həmkarı Paata Saliya ilə danışıqlar apararaq baş verən zorakılıq hallarını pisləyib, Türkiyə vətəndaşlarının dərhal azad edilməsini və insidentdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Türkiyə Ədliyyə Nazirliyi ilə Gürcüstan hakimiyyəti arasında aparılan intensiv məsləhətləşmələrdən sonra saxlanılan 16 azarkeşin hamısı sərbəst buraxılıb.
Qeyd edək ki, daha əvvəl UEFA Batumi stadionundakı iğtişaşlara münasibət bildirərkən baş verənlərə görə məsuliyyət daşımadığını bəyan edib və polisin məhz "Beşiktaş" azarkeşlərinin öz aralarında yaranan davanın qarşısını almaq üçün müdaxilə etdiyini açıqlayıb./Musavat.com/
