Tayvan Müdafiə Nazirliyi Çin ordusuna məxsus 30 hərbi hava vasitəsinin gün ərzində Tayvan adası ətrafında uçuş həyata keçirdiyini açıqlayıb.
Referans Media xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, uçuşlarda qırıcı təyyarələr, bombardmançı və dəstək təyyarələri, pilotsuz uçuş aparatları (PUA) və helikopterlər iştirak edib.
Bildirilib ki, qeydə alınan 30 uçuşdan 26-sı Tayvan boğazında tərəflərin təsir zonalarını ayırdığı qəbul edilən orta xətti keçib və Tayvanın Hava Hücumundan Müdafiə Tanıma Zonası (ADIZ) elan etdiyi ərazinin şimal, mərkəz, cənub-qərb və şərq hissələrində həyata keçirilib.
Tayvan Müdafiə Nazirliyi hesab edir ki, bu fəaliyyətlər Çin ordusunun Qərbi Sakit okeanda birgə hava-dəniz təlimləri və uzaqmənzilli uçuş hazırlığı çərçivəsində icra olunub.
Qurum qeyd edib ki, Tayvan Silahlı Qüvvələri vəziyyəti yaxından izləyib və müvafiq cavab tədbirləri görüb.
Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir. Lakin ada 1949-cu ildən etibarən faktiki müstəqil idarə olunur və tərəflər arasında suverenlik mübahisəsi davam edir.
Son illərdə Pekin Tayvan ətrafında hərbi fəallığını əhəmiyyətli dərəcədə artırıb və adanın materiklə birləşdirilməsi üçün zərurət yaranacağı təqdirdə gücdən istifadə edə biləcəyini dəfələrlə bəyan edib.
Buna cavab olaraq Tayvan hərbi büdcəsini artırır və ABŞ-dan aldığı yeni silah sistemləri ilə müdafiə imkanlarını gücləndirməyə çalışır.
Xəqani Əzizli
