Yaxın Şərqdə gərginlik daha da artır. İranın son 18 gün ərzində Birləşmiş Ərəb Əmirlikləri ərazisinə qarşı 2 mindən çox raket və pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirdiyi bildirilib. Rəsmi Əbu-Dabi bu hücumları ölkənin suverenliyinə qarşı ciddi təhdid kimi qiymətləndirərək sərt şəkildə qınayıb.
Referans Media xəbər verir ki, Abdullah bin Zayed Əl Nəhyan açıqlamasında bildirib ki, İran tərəfindən həyata keçirilən hücumlarda balistik və qanadlı raketlər, həmçinin çoxsaylı PUA-lar istifadə olunub.
Onun sözlərinə görə, hücumların hədəfləri arasında hava limanları, yaşayış məntəqələri, mülki infrastruktur obyektləri yer alıb. Nazir hücumlar nəticəsində həyatını itirənlər üçün başsağlığı verib.
Nazir qeyd edib ki, bu hücumlar yalnız BƏƏ-nin suverenliyini pozmur, həm də bütün regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi risk yaradır.
Onun sözlərinə görə: “Ölkəmizi və həyati əhəmiyyətli obyektlərimizi hədəf alan bu hücumları ən sərt şəkildə qınayırıq.”
Abdullah bin Zayed Əl Nəhyan vurğulayıb ki, BƏƏ bütün təhlükələrə qarşı cavab verməyə hazırdır və ölkənin təhlükəsizliyini qorumaq istiqamətində qətiyyətli addımlar atmağa davam edəcək.
Xatırladaq ki, 28 fevral tarixində İsrail və Amerika Birləşmiş Ştatları tərəfindən İran ərazisinə qarşı hərbi əməliyyatların başlaması regionda gərginliyi kəskin artırıb. Buna cavab olaraq İran, ABŞ hərbi bazalarının yerləşdiyi BƏƏ, Qətər və Bəhreyn də daxil olmaqla bir sıra regional hədəflərə zərbələr endirib. İran rəsmilərinin açıqlamasına görə, ABŞ və İsrailin hücumları nəticəsində ölkədə 1348 nəfər həlak olub, 17 mindən çox insan isə yaralanıb.
Yaxın Şərqdə qarşılıqlı hücumların davam etməsi regionda yeni və daha geniş miqyaslı münaqişə ehtimalını artırır.
