image-afganistan-pakistan-in-kabil-deki-hastane-19664226_133_ampbackend

Bu ölkə VURULDU – Yüzlərlə ölən və yaralanan var

Əfqanıstanın paytaxtı Kabildə yerləşən bir xəstəxanaya edilən hava hücumunda 400 nəfərin həlak olduğu, təxminən 250 nəfərin yaralandığı bildirilib. Hücum, xəstəxanada narkotik asılılarının müalicə olunduğu vaxt baş verib.

Referans Media xəbər verir ki, Əfqanıstan hökumətinin sözçü müavini Həmdullah Fitrət açıqlamasında, hücumun yerli vaxtla təxminən 21:00-da baş verdiyini və 2 min çarpayı tutumlu xəstəxananın böyük bir hissəsinin dağıdıldığını bildirib. Hazırda xilasetmə qrupları dağıntılar altında qalan yaralıları çıxarmaq üçün işlərini davam etdirir.

Yerli televiziya görüntülərində təhlükəsizlik qüvvələrinin əl fənərləri ilə yaralıları çıxardığı, yanğınsöndürənlərin isə yanan binanı söndürməyə çalışdığı əks olunub.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid isə hücumu sərt şəkildə qınayaraq, ölənlərin və yaralananların xəstəxanada müalicə alan mülki şəxslər olduğunu bildirib.

Pakistan isə bu iddiaları rədd edib. Müşərrəf Zaidi açıqlamasında, Kabildə xəstəxananı hədəf aldıqları iddialarının həqiqəti əks etdirmədiyini bildirib. Pakistanın İnformasiya Nazirliyi də hücumların yalnız hərbi obyektlər və silahlı qrupların infrastrukturunu hədəf aldığını açıqlayıb.

Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında son aylarda sərhəd boyunca qarşılıqlı hərbi əməliyyatlar davam edir. Fevralın 22-də Pakistan Talibanı tərəfindən həyata keçirilən bombalı hücumlara cavab olaraq, Pakistan Kabil və sərhəd bölgələrində bir sıra hədəfləri vurub. Əfqanıstan isə Pakistanın sərhəd boyunca hərbi obyektlərinə zərbələr endirib.

Hücum və qarşılıqlı hərbi əməliyyatlar regionda gərginliyi artırmaqda davam edir və beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki