Çin - ABŞ texnologiya rəqabəti kəskinləşir: Süni intellekt strateji aktivə çevrildi

Çin və ABŞ arasında süni intellekt sahəsində rəqabət daha da güclənir. Pekinin “Meta” şirkətinin Çinli startap “Manus”u almaq cəhdini dayandırması bu sahədə gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

Vuhan şəhərində yaradılan “Manus” qısa müddətdə avtonom süni intellekt sistemi ilə diqqət çəkmişdi. 2025-ci ilin sonunda “Meta” ilə təxminən 2 milyard dollarlıq razılaşma əldə olunması Çin texnologiyalarının qlobal bazara çıxışı üçün mühüm addım sayılırdı.

Lakin Çin hökuməti şirkət rəhbərlərinə ölkədən çıxış qadağası tətbiq edib və araşdırma zamanı satışın investisiya qaydalarını pozduğu bildirilib. Analitiklərə görə, bu addım Pekinin süni intellekti artıq açıq şəkildə “strateji aktiv” kimi gördüyünü təsdiqləyir.

Məlumata görə, Çinlə xarici investorlar arasında texnologiya müqavilələri son illərdə kəskin azalıb. 2024-cü ildə bu sahədə əməliyyatların həcmi ciddi şəkildə düşüb və investorlar daha ehtiyatlı davranmağa başlayıb.

Artan siyasi risklər fonunda Çin şirkətləri daha çox yerli sərmayəyə yönəlir, bəzi iri şirkətlər isə fəaliyyətlərini Sinqapur kimi alternativ mərkəzlərə köçürür.

Ekspertlər hesab edir ki, Pekinin bu qərarı təkcə bir müqaviləni deyil, gələcəkdə süni intellekt sahəsində beynəlxalq investisiya balansını da ciddi şəkildə dəyişə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki