Çində kabus yaşanır: Güclü yağışlar ölüm və dağıntı gətirdi - Minlərlə insan evakuasiya edildi - VİDEO

Çinin cənub və mərkəzi bölgələrində təsirini göstərən güclü yağışlar ciddi fəlakətə səbəb olub. Sel, torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 21 nəfər həyatını itirib, çox sayda insan isə itkin düşüb.

Referans Media xəbər verir ki, Çin Meteorologiya Agentliyi Jiangxi, Anhui, Hunan, Hubei, Guizhou, Guangxi, Guangdong və Hainan bölgələri üçün yüksək risk xəbərdarlığı yayıb. Hakimiyyət orqanları təbii fəlakətlə mübarizə məqsədilə 150 milyon yuan vəsait ayırıb, bir sıra ərazilərdə fövqəladə vəziyyət elan olunub.

Hubei əyalətinin Jingzhou şəhərində küçələr tamamilə su altında qalıb. Dizdən yuxarı qalxan sel suları səbəbindən vətəndaşların küçələrdə balıq tutduğu görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Çox sayda avtomobilin isə demək olar ki, tamamilə suya qərq olduğu bildirilib.

Guangxi bölgəsində kənd təsərrüfatı işçilərini daşıyan avtomobil sel sularına qapılaraq çaya düşüb. Hadisə nəticəsində 10 nəfər həyatını itirib.

Bundan əlavə, Guizhou bölgəsində 4, Hunan əyalətində 4, Hubei bölgəsində isə daha 3 nəfərin öldüyü açıqlanıb.

Şiddətli yağışlar səbəbindən bir çox bölgədə məktəblərin fəaliyyəti dayandırılıb, iş yerləri bağlanıb və nəqliyyat xidmətləri müvəqqəti məhdudlaşdırılıb. Hubei və Hunan bölgələrində minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Meteoroloqlar yaxın iki gün ərzində yağışların ölkənin şərq və cənub hissələrinə doğru hərəkət edəcəyini bildiriblər. Xüsusilə Yangtze çayı ətrafında yeni sel və daşqın riskinin yüksək olduğu vurğulanıb.

Digər tərəfdən, Hainan adasında dağ yamacının magistral yola çökməsi nəticəsində bəzi yollar bağlanıb. Guangxi bölgəsində isə 5,2 bal gücündə zəlzələdən sonra 7 min nəfər təxliyə olunub, 4 mindən çox insan müvəqqəti sığınacaqlara yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki