Türkiyənin Antalya şəhərində baş verən güclü burulğan faciəyə səbəb olub. Kəpəz rayonunda yaşayış kompleksi tikintisinin ərazisində meydana gələn burulğan fəhlələrin qaldığı iki konteyneri dağıdıb. Hadisə nəticəsində 4 fəhlə həyatını itirib, daha bir nəfər yaralanıb.
Referans Media xəbər verir ki, hadisə gecə saat 23:00 radələrində tikinti sahəsində baş verib. Güclü külək nəticəsində yaranan burulğan fəhlələrin qaldığı konteynerləri parçalayıb, içəridə olan şəxsləri ətrafa atıb.
Məlumata görə, fəhlələrdən ikisi hadisə yerində ölüb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan daha iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yaralanan digər fəhlənin vəziyyətinin yaxşı olduğu bildirilir. Burulğan tikinti sahəsində böyük dağıntılara səbəb olub. Ərazidə yerləşən kranlardan biri də aşıb. Lakin kranın aşması nəticəsində ölən və ya yaralanan olmayıb.
Hadisə yerinə gələn Antalya valisi Hulusi Şahin ərazidə araşdırma aparıb və vəziyyətlə bağlı açıqlama verib.
Vali bildirib ki, burulğan yalnız tikinti sahəsində təsirli olub və şəhərin digər ərazilərindən oxşar hadisə barədə məlumat daxil olmayıb. “Çox qəribə təbiət hadisəsi ilə qarşı-qarşıyayıq. Şəhərin başqa bir nöqtəsindən burulğanla bağlı məlumat gəlməyib. Yalnız burada burulğan yaranıb və iki konteyneri parça-parça edib. Yaxınlıqdakı digər konteynerlərə isə zərər dəyməyib”, – deyə Şahin bildirib.
O, həmçinin hadisə yerində axtarışların davam etdiyini, başqa yaralıların və ya həlak olanların olub-olmadığının dəqiqləşdirildiyini qeyd edib.
Faciədən sonra xilasedicilər ərazidə əlavə zərərçəkənlərin olub-olmadığını müəyyənləşdirmək üçün axtarışlara başlayıblar. Həyatını itirən fəhlələrin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində də tədbirlər görülür. Vali Şahin bildirib ki, hadisə şəhərin digər hissələrində qeydə alınmayıb və burulğan yalnız sözügedən tikinti sahəsinə ciddi ziyan vurub.
