ABŞ-Meksika sərhədində qeydə alınan ağ rəngli, tüksüz və uzunquyruqlu sirli məxluq yenidən kameraya düşüb. Bölgədə toyuq, xoruz və dovşanların yoxa çıxması ilə əlaqələndirilən canlının hansı növə aid olduğu hələ də müəyyənləşdirilməyib. NLO araşdırmaçısı Ceymi Maussan isə onun başqa ölçüdən gəlmiş ola biləcəyini iddia edib.
Referans Media xəbər verir ki, ABŞ-nin Texas ştatındakı El Paso şəhərinin qarşı tərəfində yerləşən Meksikanın Xuares vadisində qeydə alınan görüntülər yenidən müzakirələrə səbəb olub.
Oktyabrın 17-də yayılan kadrlarda ağ rəngli, tüksüz və uzun quyruğu olan canlının böyük kərpic divara dırmaşdığı görünür.
Görüntüləri araşdıran şəxslərin ehtimalına görə, məxluqun başından quyruğunun ucuna qədər uzunluğu təxminən 1,8 metr, quyruğunun uzunluğu isə 90 santimetrdir.
Bölgədə toyuq, xoruz və dovşanların yoxa çıxması sirli canlıya diqqəti artırıb. NLO araşdırmaçısı Ceymi Maussanın sözlərinə görə, bir uşaq canlının toyuğu başından tutaraq ağaca dırmaşdığını gördüyünü danışıb. Bundan sonra araşdırma qrupu əraziyə hərəkət sensorları ilə işləyən kameralar yerləşdirib və sirli məxluqu görüntüləməyi bacarıb. Maussan canlının təhlükəli yırtıcı ola biləcəyini iddia edib. O, məxluqun başqa ölçüdən Yerə gəlmiş ola biləcəyini də irəli sürüb.
“Bu, yırtıcıdır. Onun yerdənkənar mənşəli olduğunu demirəm, amma qorxulu bir şeydir”, – deyə araşdırmaçı bildirib.
Xuares Mülki Müdafiə qurumunun rəsmiləri ərazidə təhlükəli canlının hücumları ilə bağlı hər hansı rəsmi müraciət almadıqlarını bildiriblər.
ABŞ tərəfinin səlahiyyətli qurumları da təsərrüfat heyvanlarının öldürülməsi və ya qeyri-adi canlı ilə qarşılaşma barədə onlara məlumat verilmədiyini açıqlayıblar.
Hazırda sirli məxluqun hansı heyvan növünə aid olduğu müəyyənləşdirilməyib. Onun başqa ölçüdən gəldiyi barədə iddialar isə elmi cəhətdən təsdiqlənməyib.
