Gecələr ortaya çıxan sirli canlı qorxu yaratdı: Kameradakı görüntülər müzakirə yaratdı - VİDEO

ABŞ-Meksika sərhədində təsərrüfat heyvanlarını öldürdüyü iddia edilən sirli canlı hərəkət sensorlu kameralar tərəfindən görüntülənib. Təxminən 1,8 metr uzunluğunda olduğu bildirilən ağ rəngli və uzun quyruqlu məxluq sosial mediada böyük maraq yaradıb.

Referans Media xəbər verir ki, hadisənin Meksikanın Çihuahua ştatındakı Xuares vadisində baş verdiyi bildirilir. Bölgədə toyuq, xoruz və dovşanların müəmmalı şəkildə yoxa çıxdığı barədə iddialardan sonra əraziyə kameralar yerləşdirilib.

Görüntüləri araşdıran UFO tədqiqatçısı Jaime Maussan canlının məlum heyvan növlərindən heç birinə bənzəmədiyini və başqa ölçüdən gəlmiş ola biləcəyini iddia edib. Onun sözlərinə görə, canlının uzunluğu təxminən 1,8 metr, quyruğu isə 90 santimetrdir.

Lakin bu iddiaları təsdiqləyən elmi sübut yoxdur. Yerli Mülki Müdafiə qurumları və Texas polisi də bölgədə sirli canlının insanlara və ya heyvanlara hücumu ilə bağlı rəsmi müraciət daxil olmadığını açıqlayıb.

Görüntülərdəki canlının hansı növə aid olduğu hələ müəyyən edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki