D8 tədbiri siyasi gündəmi silkələdi – tanınmış liderlər bir araya gəldi

D8 (İnkişaf etməkdə olan 8 Ölkə) İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə keçirilən tədbir Türkiyənin siyasi gündəminə damğa vurub. Tədbirdə Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Ahmet Davutoğlu, Ali Babacan, Mahmut Arıkan və Fatih Erbakan eyni platformada bir araya gəlib.

Referans Media xəbər verir ki, tədbir çərçivəsində çıxış edən iştirakçılar D8-in yalnız iqtisadi əməkdaşlıq platforması kimi deyil, eyni zamanda siyasi, strateji və mənəvi əməkdaşlıq modeli kimi inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Abdullah Gül çıxışında son illərdə qlobal miqyasda ciddi dəyişikliklərin baş verdiyini qeyd edib və D8 ölkələri arasında münasibətlərin əvvəlki dövrlərlə müqayisədə daha da gücləndiyini bildirib. O, regional əməkdaşlığın gələcəkdə daha böyük nəticələr verəcəyinə inandığını ifadə edib.

Səadət Partiyasının sədri Mahmut Arıkan isə D8-in potensialının daha geniş olduğunu deyərək təşkilatın qlobal ədalət və siyasi əməkdaşlıq platformasına çevrilməsinin vacibliyini önə çəkib.

Ahmet Davutoğlu çıxışında D8 layihəsinin yarandığı dövrə toxunaraq Türkiyənin beynəlxalq sistemdə daha fəal və mərkəzi rol oynamaq istədiyini bildirib.

Ali Babacan D8 ölkələrinin gənc əhali, iqtisadi potensial və regional imkanlar baxımından böyük üstünlüklərə sahib olduğunu qeyd edib.

Fatih Erbakan isə D8-in mərhum Necmettin Erbakan tərəfindən daha ədalətli dünya modeli məqsədilə yaradıldığını xatırladaraq təşkilatın strateji və iqtisadi əhəmiyyətinə diqqət çəkib.

Tədbirdə müxtəlif ölkələrdən nümayəndələr və siyasi xadimlər də iştirak edərək D8-in gələcək rolu ilə bağlı fikir mübadiləsi aparıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki