Dünyaca məşhur müğənni Olivia Rodriqo konsert mədəniyyəti ilə bağlı diqqətçəkən açıqlaması ilə gündəmə gəlib. Ulduz sənətçi bildirib ki, bəzi fanatlar konsertlərdə ən ön sıradakı yerlərini itirməmək üçün qeyri-adi və xoşagəlməz üsullara əl atırlar.
Rodriqonun sözlərinə görə, uzun saatlar ərzində yerlərini qorumaq istəyən bəzi fanatlar böyüklər üçün nəzərdə tutulan bezlərdən istifadə edir. Müğənni hətta səhnədən bunun hiss olunduğunu da qeyd edib.
Referans Media xəbər verir ki, bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bunu müasir konsert mədəniyyətinin ifrat həddə çatması kimi qiymətləndirib. Digərləri isə bahalı biletlər və ön sıralara düşmək uğrunda rəqabətin insanları belə addımlara sövq etdiyini bildirib.
Musiqi sənayesini izləyənlər hesab edir ki, iri turnelərdə biletlərin yüksək qiyməti və fan mədəniyyətinin dəyişməsi bu cür davranışların artmasına təsir göstərir. Daha əvvəl də Teylor Svift fanatlarının böyük turnelər zamanı oxşar paylaşımları gündəm olmuşdu.
