ABŞ və İran arasında uzun müddətdir davam edən diplomatik təmaslardan sonra əldə olunduğu bildirilən 14 maddəlik razılaşma rəsmi mərhələyə keçib.
Referans Media xəbər verir ki, sənəd ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən elektron formatda təsdiqlənərək qüvvəyə minib.
Yayılan məlumatlarda qeyd olunur ki, razılaşma hərbi gərginliyin azaldılması, regional təhlükəsizlik, Hörmüz boğazında gəmi hərəkəti, iqtisadi məhdudiyyətlər və gələcək danışıqlar mexanizmlərini əhatə edir.
Sənədə əsasən, tərəflər arasında yekun razılaşmanın hazırlanması üçün 60 günlük əlavə danışıqlar mərhələsinin başlanması nəzərdə tutulur. Bu müddətdə nüvə proqramı, sanksiyalar və qarşılıqlı öhdəliklər üzrə müzakirələrin davam etdirilməsi planlaşdırılır.
İran tərəfi razılaşmanın artıq rəsmi xarakter aldığını açıqlayıb. ABŞ tərəfindən də sənədin təsdiqlənməsi ilə bağlı məlumatlar paylaşılıb.
Müşahidəçilərin fikrincə, razılaşmanın real nəticələri onun tətbiq mərhələsində və qarşıdakı danışıqlarda daha aydın görünəcək.
