Vaşinqton və Kiyev arasında Ukraynada döyüş əməliyyatlarının mövcud təmas xətti üzrə dondurulması ilə bağlı qapalı müzakirələrin aparıldığı bildirilir.
Referans Media xəbər verir ki, bu barədə nüfuzlu britaniyalı nəşr The Economist məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, ilkin mərhələdə cəbhə xəttinin hər iki tərəfində 50–70 kilometrlik zonada aktiv döyüş əməliyyatlarının məhdudlaşdırılması variantı nəzərdən keçirilir. Bu addımın gələcəkdə daha geniş və hərtərəfli razılaşma üçün əsas yaratması gözlənilir.
Lakin nəşrin mənbələri planın yaxın zamanda reallaşacağını istisna edir. Bildirilir ki, Rusiya bu ilin oktyabr ayına qədər nizamlanma istiqamətində konkret addımlar atmaya bilər. Kreml ABŞ-də keçiriləcək aralıq seçkilər faktorundan istifadə edərək Donald Trampa siyasi dəstək verməyi və gələcəkdə yeni ABŞ administrasiyasından müəyyən güzəştlər əldə etməyi hədəfləyir.
Analitiklərin fikrincə, Moskva danışıqları ən azı gələn ilin yazına qədər uzatmağa çalışacaq. Rusiyanın hesablamasına görə, qarşıdakı qış Ukraynanın enerji və infrastruktur sisteminə ciddi zərbə vura bilər ki, bu da Kiyevin gələcək danışıqlardakı mövqeyini zəiflədəcək.
Bu arada Fransa Prezidenti Emmanuel Makron France TV-yə müsahibəsində bildirib ki, Donald Tramp 2025-ci ilin əvvəlində Ağ Evə qayıtdıqdan sonra Ukraynanın məğlub olacağını düşünürdü.
Makronun sözlərinə görə, Volodimir Zelenski keçirilən görüş uğursuz keçib, daha sonra isə Tramp və Vladimir Putin arasında baş tutan sammit Ukraynanın hələ Rusiyanın nəzarətinə keçməyən əraziləri belə güzəştə getməsini nəzərdə tutan mümkün razılaşma ümidləri yaradıb.
Eyni zamanda Türkiyənin müdafiə naziri Yaşar Gülər Ukrayna münaqişəsinin mümkün qədər tez həllinin vacibliyini vurğulayıb. O, bildirib ki, bu münaqişə Avropa və NATO-nun təhlükəsizliyinə birbaşa təsir göstərir.
Nazirin sözlərinə görə, Türkiyə balanslı, prinsipial və konstruktiv siyasət yürüdərək həm Ukrayna, həm də Rusiya ilə dialoq qura bilən azsaylı NATO ölkələrindən biridir./KONKRET.az
