Hər il antisanitar vəziyyətlə əlaqədar bəzi çimərliklərdən
istifadə qadağan edilir. Buna baxmayaraq həmin müəssisələrin sahillərində yerləşən
istirahət mərkəzləri, müəssisələr, restoranlar fəaliyyət göstərməyə davam
etdiklərinə görə vətəndaşlar bu ərazilərə üz tutur və dənizdən də istifadə
edirlər. Bakteriya faizi yüksək olan ərazilərdən istifadə ölkə əhalisində
kütləvi və dəhşətli xəstəliklərə səbəb ola bilər.
Bu baxımdan həmin qadağan olunmuş çimərliklərin ətrafında fəaliyyət
göstərən müəssisələrin fəaliyyəti nə dərəcədə düzgündür? Onlar fəaliyyəti
dayandırıla bilərmi?
Bu barədə Azad İstehlakçılar Birliyinin
(AİB) sədri Eyyub Hüseynov Referans-a açıqlamasında danışıb.
“Çox yaxşı haldır ki, hər il gigiyena orqanları monitorinq
aparır və çirklənmiş çimərlikləri elan edir. Amma seçimi istehlakçıların özlərinə
buraxır. Məşhur bir söz var: “Hansı ölkədə vəkil çoxdursa, demək ki, orada
insan hüquqları zəifdir. Hansı ölkədə aptek çoxdursa, demək ki, orada sağlamlıq
səviyyəsi pis vəziyyətdədir”. Azərbaycanda apteklər digər ölkələrdən təxminən
20 dəfə çoxdur. Bu da göstəricilərdən biridir. İnsanların sağlamlığı bərbad vəziyyətdədir.
Hələ tibbin aşağı səviyyədə olması, neft sahəsində təhsil alan insanların cərrah
işləməsini və s. məsələlərə, ümumiyyətlə, toxunmuram. Yaxşı ki, ölkədə sosial şəbəkələr
var və bir çox həqiqətlər bizə onlar vasitəsilə bu məsələlər gündəmə gəlir. Əlbəttə,
ölkədə mükəmməl istehlakçı siyasət olsaydı, həmin çirklənmiş ərazilər çətin də
olsa təmizlənərdi ya da həmin ərazilərdə obyektlərin, çimərlikləri fəaliyyəti
qadağan olunardı”.
Ekspert qeyd edib ki, Azərbaycanda insanların apteklərə çox
müaciət etməsinin, qonşu ölkələrə istirahət üçün deyil də, məhz həkim üçün getmələrində
çimərliklərin də böyük rolu var.
“Hökümətin səhiyyə və istehlakçı siyasəti düzgün formada
qurulmayıb və bununla məşğul olan dövlət orqanları normal fəaliyyət göstərmirlər.
Ona görə də bu sahədə özbaşınalıqdır. Sadəcə olaraq gigiyena orqanları tərəfindən
çirklənmiş ərazilərlə bağlı xəbərdarlıq edilir. Şüurlu insanlar isə bu çimərliklərdən
istifadə etməməlidirlər”.
Fidan Vəlisoy