Bir
çox yol qəzaları piyadaların da ehtiyatsızlığı səbəbindən baş verir. Onların
yolu düzgün formada keçməmələri və s. səbəbindən ölüm halları olur.
Bu
baxımdan sürücülər bildirirlər ki, qanunda olan boşluqlar səbəbindən piyadalar
istədikləri kimi davranırlar və nəticədə, bədbəxt hadisələr baş verir.
Piyadaların
hərəkəti ilə bağlı qanunda hansı boşluqlar var? Piyadaların bədbəxt hadisələrə
səbəb olmaması üçün hansı dəyişikliklər edilməlidir?
Nəqliyyat
məsələləri üzrə ekspert Elməddin Muradlı Referans-a açıqlamasında bu sualları
cavablandırıb.
“Yol-nəqliyyat
hadisələrinin baş verməsində müxtəlif səbəblər var. Onlardan biri də
piyadaların məsuliyyətsiz davranışları, yol-hərəkəti qaydalarını kobud şəkildə
pozmaları və keçiddən istifadə etməmələridir. Hazırda piyadalarla bağlı nəzarət,
demək olar ki, zəifdir. Ciddi nəzartə mexanizmi yoxdur. Buna görə də düşünürük
ki, ilkin mərhələdə nəzarət mexanizmi gücləndirilməli, piyadalara qarşı çox
ciddi və sərt tədbirlər görülməlidir. Onlar da öz məsuliyyətlərini dərk etməlidirlər.
Qanunda boşluq yoxdur, sadəcə nəzarət gücləndirilməlidir. Yaxud da piyadaların
iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində istintaq orqanlarının
yanaşması dəyişilməlidir. İstintaqçı sürücünü günahlandırmaq çün məqam
axtardığı müddətcə bu belə də davam edəcək. Burada tək məsələ istintaqçıların
qanunun bütün xırdalıqlarına nəzər yetirərək obyektiv qərar verməli
olmalarıdır. Məsələn, piyada günahkardırsa və ölübsə, o artıq öz cəzasını öz
canı ilə ödəyib. Burada artıq günahı olmayan sürücüyə cəza verməyə ehtiyac yoxdur
Amma bizim yanaşmamız fərqlidir. Nədənsə sadəcə birmənalı şəkildə sürücülər
günahlandırılır, sürücülərin məhkum olunmasına çalışılır”.
Ekspert
qeyd edib ki, piyadalar da sürücülər kimi bütün yol hərəkəti qaydalarına əməl
etməyə məcburdurlar. Onlara heç bir güzəşt olunmamalıdır.
“Bu qəzaların
hər biri ilə bağlı Daxili İşlər Nazirliyinin də yaydığı görüntülər var və ola
bilməz ki, bu görüntülərə baxarkən biz qənaətə gələk ki, 90 faiz günah sadəcə
sürücülərdədir. Real görüntülərdən də görünür ki, günah piyadalardadır. Buna
görə də, mən birmənalı olaraq bu məsələyə obyektiv yanaşılmalı olduğunu düşünürəm
və arzu edirəm ki, bütün tədqiqatçılar və istintaqçılar bu məsələlərə obyektiv
yanaşsınlar. Eyni zamanda unutmasınlar ki, bir gün belə hadisələr onların da
başına gələ bilər”.
Fidan
Vəlisoy