Hava temperaturunun
artması insanların qidalanma barəsində olan düşüncələrini dəyişir.
İsti və nəm hava orqanizmdə baş verən maddələr
mübadiləsinə də öz təsirini göstərir. Bu baxımdan insanlarda qidalanma
zamanı müəyyən çətinliklər yaranır. Hətta bəzi qidaların ağırlıq etməsi səbəbindən
səhhəti pisləşənlər də az olmur.
Bəs isti yay günlərində
insanlar necə qidalanmalıdır? Hansı qidalara üstünlük verməlidirlər? Nədən nə qədər
yeməlidirlər?
Qida təhlükəsizliyi Hərəkatının
rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans-a açıqlamasında
bu sualları cavablandırıb.
“Yay
mövsümü meyvə-tərəvəzin ən bol olduğu mövsümdür. Xüsusilə, Azərbaycanda bu
aylarda meyvə-tərəvəzin bolluğu, yeniliyi immuniteti gücləndirmək üçün daha
böyük səbəbdir. Yay meyvələri olan gilas, albalı, çiyələk və s. xüsusilə, qan
azlığı olan insanlara kömək olur. Eyni zamanda da tərkibində antioksidant maddələrin
olması orqanizmin qocalmasının qarşısını alır, orqanizmdə sərbəst radikallarla
mübarizə aparır. Bu kimi meyvə-tərəvəzləri yemək daha çox tövsiyə olunur. Həmçinin
tərəvəzlərdən göyərtilər, xiyar, pomidor, badımcan, yaşıl bibər və s. növ tərəvəzlərin
önəmi daha çoxdur. Bir yaşıl bibərin tərkibində olan C vitamini miqdarı
orqanizmin günlük C vitamininə olan tələbatı tam şəkildə ödəyir”.
Mütəxəssis
bildirib ki, bir çox hallarda yayın əvvəlində alınan qarpız, yemiş məhsullarının
alınması və istifadəsi də xoşagəlməz nəticələr verə bilər.
“Avqustun
15-20-dən sonrakı tarixlərdə bu tərəvəzlərin istifadəsi Azərbaycan üçün daha
xarakterikdir. Bundan əvvəl satılan qarpız-yemişi isə daha çox süni şəkildə
yetişdirirlər. Bu zaman süni istilik və daha çox gübrələrdən istifadə olunur.
Belə məhsullardan istifadə etdikdə isə xüsusilə, yüksək risk qrupuna məxsus
olan yaşlılar, uşaqlar, eyni zamanda da xroniki xəstəliyi olan insanlarda əksər
hallarda allergik reaksiyalarla yanaşı zəhərlənməyə də səbəb ola bilər. Bu məhsulların
xaricdən gətirildiyi deyilsə də, bu onların zərərli olması gerçəyini dəyişmir.
Xaricdən gətirilən məhsullar da uzun müddət əvvəl kal şəkildə dərilib
saxlanılmasıdır. Bu məhsulların tərkibinin dəyişməsinə səbəb olur, eyni zamanda
bu məhsullara müxtəlif kimyəvi maddələr də vurulur ki, bunlar insan orqanizmi
üçün olduqca zərərlidir. Müəyyən müddət ərzində bu kimyəvi maddələr qaraciyərdə
yığılaraq böyrək çatışmazlığına, qaraciyər problemlərinə gətirib çıxaracaq.
Buna görə də istifadəsi tövsiyə olunmur. Gün ərzində 3-5 meyvə şəkildə də yeyə
bilərik. Hazırda giləmeyvə mövsümü olduğuna görə, bunu da gündəlik qida rasionumuza
200 qram olaraq əlavə edə bilərik. Hər yemək qəbulunda tərəvəz qəbulu çox
faydalıdır. Xüsusilə, lifli qida olması ilə yanaşı eyni zamanda həzm prosesini
asanlaşdırır, maddələr mübadiləsini sürətləndirir və bağırsaq mikroflorasının
formalaşmasına kömək olur. Adətən yay mövsümündə meyvə-tərəvəzin qəbulunu
artırıb paxlalı və zülallı qidaları (heyvan mənşəli qidalar) azaldılır. Lakin
bu da zülal azlığına, qeyri-sağlam şəkildə çəki verməyə gətirib çıxara bilər.
Buna görə də balanslı qidalanma yay aylarında vacibdir”.
Məhsəti
Hüseynova qeyd edib ki, yay aylarında su qəbuluna da xüsusi diqqət olunmalıdır.
Hər bir şəxs öz çəkisinə uyğun olaraq su qəbul etməli, eləcə də qida seçimi
zamanı tərkibində su faizi yüksək olan qidalara üstünlük verməlidir.
Fidan
Vəlisoy