Dünya Kuboku öncəsi Ebola həyəcanı: Milyonlarla azarkeş risk altında

Şimali Amerikada keçiriləcək futbol üzrə Dünya Kuboku ərəfəsində mütəxəssislər Ebola virusunun yayılması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, Mərkəzi Afrikada sürətlə yayılan epidemiya turniri potensial “super yayıcı” hadisəyə çevirə bilər.

Məlumata görə, virus daşıyıcısı ola biləcək və hələ müəyyən edilməmiş 2 mindən çox təmaslı şəxsin olması riskləri artırır. Ebola virusunun ilkin əlamətlərinin adi xəstəliklərlə qarışdırılması da onun vaxtında aşkarlanmasını çətinləşdirir.

Hazırda epidemiyanın əsas yayıldığı ölkələrdən biri olan Konqo Demokratik Respublikası da Dünya Kubokunda iştirak edəcək komandalar arasındadır. Ümumdünya Səhiyyə Təşkilatı Konqoda yayılma sürətinin mövcud imkanları üstələdiyini bildirib.

Virusun nadir rast gəlinən Bundibuqyo variantı səbəbindən Konqo və Uqandada indiyədək 220-dən çox insan həyatını itirib.

Risklər fonunda ABŞ Konqo, Uqanda və Cənubi Sudanda olmuş bəzi xarici vətəndaşların ölkəyə girişini məhdudlaşdırıb. Kanada isə həmin ölkələrdən gələn şəxslər üçün 90 günlük səyahət məhdudiyyəti tətbiq edib. Turnir müddətində hava limanlarında gücləndirilmiş tibbi nəzarət həyata keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki